Türkiyədəki Rusiya Araşdırmaları İnstitutunun (RUSEN) hərbi və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan polkovnik Hayrettin Güler Ermənistandan ordusundan bu günlərdə istefa vermis polkovniklə sensasion söhbətini dərc edib.
Timeturk.com internet-resursu xəbər verir ki, həmin polkovnik özünün əsl kimliyini açıqlamayıb, özünü “Armen Minalyan” kimi təqdim edib. Həmin söhbətin bir qismini təqdim edirik:
-Dağlıq Qarabağda müharibə nədən başladı, bu müharibədə Azərbaycanın hərbi üstünlüyünü əvvəlcədən görə bilirdinizmi?
-Hörmətli Hayrettin bəy, iyulda Tovuz bölgəsinə hücum ediləndə Azərbaycanın o cür cavab verəcəyi düşünülməmişdi. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra xüsusən korrupsiya ilə bağlı ciddi araşdırmalar başlamışdı. Korrupsiyanın önəmli bir hissəsi də ordunun içərisində idi. Rusiyadan alınan silahların bir qisminin inventarda olmadığı, Suriya və müharibə gedən digər ölkələrə satıldığı üzə çıxmışdı. Ordu öz içərisindəki korrupsiyanı ört-basdır etmək üçün Azərbaycanla müharibəyə girməyə qərar verdi. Digər tərəfdən bizə gələn məlumatlarda Azərbaycanın quru döyüşündə Ermənistan ordusu qarşısında davam gətirə bilməyəcəyi deyilmişdi. Ermənistanda ordunu idarə edən generallar öz siyasi maraqları naminə ordunu istifadə etdilər.
-Bəs Azərbaycanın quru döyüşlərində uğur qazana biləcəyini proqnozlaşdırırdınızsa nədən müharibədə məğlub oldunuz?
-Ona görə ki, bizim ordudakı silahların çoxu SSRİ dövründən qalmadır. Silahlar uzun müddət anbarlarda qaldığı üçün bir çoxu işləmir. Ancaq müharibədən əvvəl təqdim edilən hesabatlarda göstərilirdi ki, bütün silahlar işləyir, problem yoxdur. Müharibə başlayanda Azərbaycan ordusunun gücü anlaşıldı və yeni silahlar əldə etmək üçün təcili olaraq Rusiya başda olmaqla bir çox ölkələrdən yardım istədik. Ancaq yeni gələn silahlar gecikdi. Cəbhədə döyüşən ordunun psixologiyası pozuldu və kütləvi fərarilik başladı. Türkiyənin döyüş pilotsuz təyyarələri də bütün tarazlığı dəyişdirdi. Türkiyə pilotsuz təyyarələri qarşısında bütün hava hücumundan müdafiə sistemimiz çökdü və Rusiya da buna çarə tapa bilmədi.
-Deməli Türkiyə PUA-larına qarşı lazım olan tədbirləri görə bilmədiniz?
-Əslində Rusiyadan PUA-lara qarşı sistemlər alındı. Müharibənin ilk günlərində işlər pis getmirdi. Lakin 3-4 gün sonra hava hücumundan müdafiə sistemimiz döyüş pilotsuz təyyarələri qarşısında çökməyə başladı. Onlar fərqli metodla bizim hava hücumundan müdafiə sistemimizi çökdürdülər. Rusiyadan yeni sistemlər gəldi, ancaq onların müqaviməti cəmi 2-3 gün çəkdi. Türkiyə pilotsuz təyyarələri proqram təminatında fərqli versiyalar istifadə edərək yenə də hava hücumundan müdafiə sistemini aşdı. Bütün hava hücumundan müdafiə sistemimiz çökdü, Rusiya da buna çarə tapa bilmədi.
-Bəs müharibə ərzində Rusiyadan silah dəstəyi aldınızmı?
-Rusiyadan silah dəstəyi həm müharibə ərəfəsində, həm müharibə ərzində alındı. Bunu Rusiya Müdafiə Nazirliyi də artıq rəsmən açıqlayıb. KTMT öhdəlikləri çərçivəsində üzərlərinə düşəni etdiklərini dedilər. Müharibənin son 15 günündə PUA-lara qarşı sistemlər gəldi. Ayrıca olaraq Serbiya və Afrika üzərindən də yeni silahlar gəldi. Lakin artıq gec idi…