Azərbaycan investisiya üçün yalvarmır, əksinə, ABŞ bizə borcludur - Sabiq nazirdən açıqlama
SİYASƏT
17:33 / 19.03.2021
2118

Baydenin Putinlə bağlı gündəmə bomba kimi düşən açıqlamaları ilə bağlı müzakirələr davam edir. İki tərəf arasında böhran sərtləşdikcə bu qarşıdurmadan qazananlar da olacaq, itirənlər də. 

Bəs ABŞ-ın regiondakı maraqları Bayden gəldikdən sonra hansı şəkildə təmin olunacaq? Azərbaycanla münasibətlərin gələcəyində nələr var? Bu sualları HİT.Az-a verdiyi açıqlamada cavablandıran keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, hələlik hadisələrin axarı Azərbaycan və Türkiyənin ziyanına deyil:

"Türkiyə həmişə regionda Qərbin maraqlarına cavab verən, lakin müstəqil siyasət  yürüdən bir dövlət olub. Türkiyənin son 10 ildə nə qədər gücləndiyini hər kəs görür. ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsi o deməkdir ki, indi hər iki tərəf Türkiyəni öz yanında görmək üçün səylərini artıracaq. Türkiyə diplomatiyasının ağıllı manevr imkanları yaranacaq və bu imkanlardan həm özünün, həm də bizim xeyrimizə istifadə eləyəcək. Türkiyə Qafqaza girməklə, əslində, bir çox dövlətlərin maraqlarına girib, elə buna görə də narahat olan qüvvələrin sayı artıb. Bir neçə ay sonra Qərb istəyəcək ki, Rusiyaya qarşı öz siyasətində Türkiyədən istifadə etsin. Rusiya Türkiyə tandemini pozmaq üçün Qərb müxtəlif vasitələrdən istifadə edəcək. Türkiyə-Rusiya tandemi burda bir çox dövlətlərin iştirakını neytrallaşdırıb. İndi ABŞ- Rusiya münasibətləri kəskinləşəndən sonra Rusiya Türkiyə ilə daha sıx əməkdaşlığa üstünlük verəcək, Qərbin gəlişini kəskin şəkildə istəməyəcək. Bu da bizim ziyanımıza olmayacaq".

ABŞ-Azərbaycan münasibətlərinə Azərbaycanın iqtisadi potensialının da fərqli təsir edə biləcəyindən danışan T. Zülfüqarov vurğulayıb ki, bizim  Ermənistan və Gürcüstana nisbətən ABŞ yanında üstünlüyümüz var.  

“Azərbaycan investisiya üçün yalvarmır. Əksinə, Qarabağa investisiya qoymaq istəyən bir çox dövlətlərə bildirildi ki, biz müharibə zamanı dəstək aldığımız dövlətlərin şirkətlərinə üstünlük verəcəyik. Yəni seçici davranacağıq. Biz öz valyuta rezervlərimizin bir hissəsini dövlət kağızları ilə almışıq və ABŞ rəsmən bizə borcludur. Odur ki, münasibətlərin nizamlanması, yenidən baxılması proseslərində bu detal mütləq nəzərə çatdırılmalıdır”, - deyə politoloq qeyd edib.

İLHAMƏ

0