Kanadada virtual Novruz şənliyinə Toronto meri və deputatlar da qoşuldu - FOTOLAR

SİYASƏT
10:56 / 23.03.2021
1070

Martın 20-də Kanada Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib.

Videokonfrans formatında təşkil edilən tədbirdə Kanadada yaşayan azərbaycanlı icmasının üzvləri və KAŞ-ın dəvəti ilə tədbirə qatılan Kanada parlamentinin üzvləri və Toronto şəhərinin meri iştirak ediblər. 

Tədbirin əvvəlində Novruz bayramının Azərbaycan xalqının tarixində yeri və Novruz ənənələri barədə qonaqlara məlumat verilib. Daha sonra isə dəvət edilən qonaqlar növbə ilə Kanadanın azərbaycanlı icmasını təbrik etmiş və öz xoş arzularını bildiriblər. Qonaqlardan Toronto şəhərinin meri Con Tori, Kanada Xarici İşlər Nazirinin parlament nümayəndəsi Rob Olifant, parlament üzvləri Y. Saks və Y. Ratansi, əyalət parlamentinin bir neçə üzvü çıxış edərək Azərbaycanın zəngin ənənələri ilə tanış olmaq imkanı əldə etdikləri üçün təşəkkür etmiş və Azərbaycan icmasının aktiv fəaliyyətini təqdir ediblər. Toronto meri Con Tori martın 20-i Toronto şəhərində Novruz günü elan edib.

Təbdirdə həmçinin Azərbaycanın Kanadadakı Səfirliyinin müvəqqəti işlər vəkili F. Əliyev və Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini V.Seyidbəyov da iştirak edərək, Kanada Azərbaycanlı icmasının üzvlərini təbrik ediblər. Ötən bir neçə gün ərzində KAŞ-a həm də Mühafizəkarlar və Yeni Demokratlar partiyalarının rəhbərlərinin, və eləcə də Kanada parlamentinin daha 10 üzvünün video təbriki və məktubları daxil olub.

Tədbir zamanı qonaqlara həm də Azərbaycan musiqisi və rəqsləri təqdim edilib, əvvəlcədən hazırlanmış video yazılar nümayiş etdirilib. 

0