Dağlıq Qarabağdakı separatçı rejim rus dilinə ikinci “dövlət dili” statusu verib. Qondarma respublikanın “parlamentində” bunla bağlı qanun layihəsi qəbul olunub.
HİT.Az xəbər verir ki, Araik Arutyunyanın başçılıq etdiyi separatçı qüvvələrin rus dilinə ikinci dövlət dili verəcəyi gözlənilməz deyildi. Belə ki, separatçı rejimin lideri İkinci Qarabağ savaşı bitər-bitməz bu niyyətini açıqlamışdı. Rəsmi Bakının isə buna cavabı sərt olmuşdu.
Araik Arutyunyanın bu addımı, ilk növbədə, 9 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağda müharibənin dayandırılması barədə imzaladığı birgə bəyanata ziddir. Çünki sənəddə Qarabağda dövlət adlı xüsusi siyasi təsisatın mövcudluğu barədə heç bir qeyd yoxdur. Hər halda rəsmi açıqlamalarda israrla bildirilir ki, bəyanatda nəinki “Dağlıq Qarabağ Respublikası”nı tanımaqdan yaxud bunu müzakirə etməkdən, hətta separatçı rejimi legitimləşdirəcək hansısa statusdan belə söhbət getmir.
O zaman Araik Arutyunyanın bu addımı nədən qaynaqlanır? Separatçı rejimi cəsarətləndirən nədir?
Siyasi analitiklərin fikrincə, separatçı rejimin rus dilinə ikinci dövlət dili statusu verməkdə israr etməsi Bakı ilə Moskvanı üz-üzə qoymağa hesablanıb.
Hələ sentyabr eskalasiyasının ilk günlərində ermənilər Azərbaycan-Rusiya münasibətlərini zədələmək üçün ən müxtəlif üsullara əl atırdılar. Gah Türkiyə hərbi qüvvələrinin bölgəyə daxil olması, gah Suriyadan gətirilən terrorçuların Azərbaycan tərəfdən vuruşması barədə absurd iddalar sürürdülər. Paralel olaraq, Azərbaycanın münaqişə zonasından xeyli kənarda yerləşən yaşayış məntəqələrinə raket zərbələri endirirərək Bakını İrəvanı vurmağa təhrik etməyə və bununla da Rusiyanı münaqişəyə cəlb etməyə çalşırdılar. Lakin rəsmi Bakının təmkinli davranışı, "fake news"ların anındaca ifşa edilməsi ermənilərin məkrli planını iflasa uğratdı. Rusiya münaqişəyə müdaxilə etmədi.
Müharibə bitdikdən sonra Qarabağdakı etnomafiya Bakı ilə Moskvanı üzə-üzə qoymaq üçün yenidən hərbi və siyasi təxribatlara əl atdı. Yəqin ki, ermənilərin Hadrutda törətdiyi təxribat hər kəsin yadındadır. Bu təxribatın cavabı Azərbaycan hərbçiləri tərəfindən layiqincə verildi.
Etnomafiya bundan sonra rus dilinə ikinci dövlət verilməsi məsələsini gündəmə gətirdi və nəhayət, bunu “rəsmiləşdirdi”. Etnomafiya düşünür ki, Bakı təmkinini pozub bu məsələdə Rusiyanı qıcıqlandıracaq addımlar atacaq. Lakin Qarabağla bağlı yürüdülən siyasət göstərir ki, Azərbaycan indiki həssas dönəmdə kifayət qədər ehtiyatlı davranır.
Sözsüz ki, separatçı rejimin bugünkü addımı cavabsız qalmayacaq. Daha doğrusu, hələ bir ay əvvəl ölkə başçısı İlham Əliyev bunun cavabını verib. “Bu, hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz", - deyə Prezident bildirib.
Bu cavab separatçı rejimin bütün addımlarının qanundankənar olmasının ən yüksək səviyyədə bəyanıdır.
Bununla belə, etnomafiyaya və ona dəstək verənlərə bir daha yeri göstərilməlidir. Bu faktdan beynəlxalq səviyyədə yararlanmalı, ermənilərin faktiki olaraq bölgədə destablizasiya mənbəyi olmaları dünyanın diqqətinə çatdırılmalıdır.
VÜQAR