“Sarılıq”, yaxud Hepatit A, yaxud “Botkin xəstəliyi” - yalnız tibb işçilərinə yaxşı məlum olan bir mərəz deyil. Bu bağırsağın virus infeksiyasıdır və ondan etibarlı şəkildə qorunmağın ən sadə yolu əlləri daima yumaq və onları, pardon, hər cür çirki ağıza aparmamaqdır.
Eyni qaydalar ümumən media sferasında da qüvvədədir - harada ki, “sarılığa” tutulmamağın ən sınanmış üsulu - əlləri təmiz saxlamaq və nə qədər şirnikəndirici görünsə belə, hər hansı çirkaba meyl salmamaqdır.
İndi görəsən kimsə bu sadə qaydaları Almaniya Federativ Respublikasının İctimai Televiziyasına - ZDF-ə, daha doğrusu, onun efirindəki “özəl” şounun aparıcısı Markus Lanz izah edibmi? Mühakimə yürütməyə girişmirik. Ancaq bu verilişin və aparıcısının “sarılıq xəstəliyi”nin geridönməz mərhələsində olduğuna proqramın 25 mart tarixində yayımlanan buraxılışı təəssüf ki, şübhə saxlamır. Belə ki, Avropa Sabitlik Təşəbbüsü (European Stability Initiative) adlı qurumdan sosioloq Gerald Knausu studiyaya dəvət edən aparıcı 12 dəqiqə ərzində yalnız Azərbaycana “basqılar” edib və bu zaman həm fakt yoxlanışını, həm jurnalist peşəkarlığını və həm də bir çox başqa şeyləri unudaraq, centlmenlikdən uzaq ucuz ştamları dilə gətirib: bu sənə həm “kürü diplomatiyası”, həm “korrupsiya” və s. və s.
Nədir bu - Markus Lanz özünə məxsus qüsuru, yoxsa?..
Bu “yoxsa” haqqında daha ətraflı şəkildə şərhə ehtiyac var. Nədən ki, Almaniyada, daha doğrusu, onun media sferasında Azərbaycana qarşı bütöv və mütəşəkkil, koordinasiyalı bir kampaniya başladıldığı diqqət çəkməyə bilməz. Özü də kampaniyanın ehtimal olunan təşkilatçıları arasında ilk şübhəlilər Almaniyanın hakimiyyət orqanlarının özüdür.
Həqiqətən də çox şey ondan xəbər verir ki, Avropa paytaxtlarında və hər şeydən əvvəl də Berlin və Parisdə bir çoxu Azərbaycanın 44 günlük müharibədəki parlaq qələbəsini hələ də “həzm edə” bilmirlər. Üstəlik, anlaqlı mütəxəssislər də əla başa düşürlər ki, ölkəmiz təkcə işğalçıları öz ərazisindən qovmayıb, eyni zamanda geosiyasətdən tutmuş, hərbi-texniki sahələrədək bir çox sferalarda tamamilə yeni “qüvvələr nisbəti” formalaşdırıb. “Forbes” jurnalı bu barədə birbaşa yazır: “Azərbaycan nümayiş etdirdi ki, 21-ci əsrdə böyük olmayan dövlətlər qabaqcıl silahlanma sistemləri hesabına uğur qazana bilərlır”. Bundan əlavə, həmin qabaqcıl silah sistemləri İsrail və Türkiyədə istehsal olunur, Avropa Birliyi ölkələrində yox. Hansı ki, bunun da “qoca Avropa” üçün bir acı “həb”ə çevrildiyi ortaya çıxıb.
Şərq Tərəfdaşlığı" üçün dörd ssenari: praqmatik inteqrasiya, yoxsa Rusiya ilə ixtilaf?
Bir çoxunun qeyd etdiyi kimi, Almaniya son illər həm ordu, həm də hərbi-sənaye kompleksi proqramlarına ayrılan maliyyəni kəskin şəkildə azaldıb və yerli analitiklər indi çaşqınlıq içində gözlərini döyürlər: necə oldu ki, sənaye ənənələrinə malik bizləri artıq silah bazarlarından sıxışdırırlar? Özü də kim? Türkiyə! Və ya necə oldu ki, “Şərq Tərəfdaşlığı” məkanında (Avropa Birliyinin layihəsi – red.) əsas qərarlar daha Brüssel və Moskvada yox, Bakı və Ankarada verilir? Üstəgəl, NATO daxilində gedən proseslər də öz rolunu oynamaqdadır. Son vaxtlara qədər NATO və Avropa Birliyi “birləşmiş qablar” kimi idilər və hətta onların rəhbər şəxsləri Brüsseldəki mənzil-qərargahların birindən digərinə keçirdilər. Amma indi hər şey dəyişib.
Lakin məsələ heç də NATO baş katibi vəzifəsini AB üzvü olmayan Norveçin nümayəndəsinin tutması ilə məhdudlaşmır. İş ondadır ki, Şimali Atlantika Blokunda Ankaranın siyasi çəkisi dəfələrlə artıb. Əsasən də Bakı ilə əlaqələri sayəsində. Azərbaycan-Türkiyə “bağı” öz kommunikasiyalarını Ermənistanın hərbi “sürprizlər”indən sığortalayıb və nəticədə Türkiyə həm də Orta Asiya “əməliyyat sahəsi”nə çıxış imkanı qazanıb.
Berlin və Paris o zaman nə etməlidir? Belə vəziyyətdə ağıllı və irəlini görə bilən siyasətçilər kresloda rahat bir şəkildə özünə yer edib, əldə bir şüşə pivə və ya şərabla yeni geosiyasi həqiqətləri araşdırmağa başlayardılar.
Di gəl, Almaniya və Fransanın hazırkı liderləri bunun əvəzinə köhnə Avropa vərdişinə sadiq qalaraq və Azərbaycanı kifayət qədər uyğun “obyekt” hesab edərək, onu “tərbiyə etməyə”, “geri dartmağa” və “yerində oturtmağa” çalışırlar. Və sözün əsl mənasında klassik “yaxşı və pis polis” sxemini oynayırlar.
Yada salaq, əvvəllər Azərbaycana “basqılar” mövzusunda Fransa püxtələşmişdi. Lakin daha sonra ATƏT-in Minsk Qrupu həmsədrliyindən vurulub atılmaq kimi gerçək perspektivlə üzləşdikdə Parisin həvəsi soyudu (digər yandan, Türkiyə ilə konfliktə girmək də bahalı məşğuliyyət olardı). İndi “pis polis” rolunu öz üzərinə Almaniya götürüb. Harada ki, həm rəsmi şəxslər, həm də media Azərbaycana qarşı gerçəkliyə dəxli olmayan “basqılar” edir, Almaniya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinin mütəmadi olaraq azad edilmiş torpaqlara təşkil etdiyi səfərlərdən inadla yayınır və elə müsahibələr verir ki, ən yaxşı halda, Azərbaycan auditoriyasında məyusluq doğurur, bu dövlətin məhkəmə orqanları isə Azərbaycanla işbirliyinin tərəfdarı olan Bundestaq deputatlarına qarşı əməlli-başlı təqiblər həyata keçirir. Öz növbəsində Gürcüstanda Almaniya hökumətinin maliyyələşdirdiyi alman qurumları səylə anti-Azərbaycan kampaniyalarına qoşulur. Berlin hətta Azərbaycanın NATO və Avropa Birliyi ilə əməkdaşlıq proqramlarına mane olmağa çalışır...
Bəs bu həşirin səbəbi nədir? Xora basmış “Avro-təkəbbür”? Əlbəttə ki. Məlum və məşhur Avropa ksenofobiyası və İslamofobiya? Şübhəsiz. Ancaq yalnız bunlar da deyil. Berlində bu barədə ucadan danışmağı sevməsələr də, məsələ ondadır ki, Rusiya Almaniyaya ciddi təsir imkanlarına malikdir. Əvvəla, “Sputnik” və “Russia Today” də daxil olmaqla, Rusiyanın lobbi quruluşlarına erməni Marqarita Simonyan ciddi təsirlərə malikdir – buradan çıxan bütün nıəticələri ilə birgə.
İkincisi, heç kim “qaz meyarı”nı ləğv etməyib. Vurğulayaq ki, Bakıda təbii qazla bağlı hər dəfə vacib qərarlar qəbul ediləndə Almaniyada anti-Azərbaycan təbliğatı həyasız bir səviyyəyə qalxıb. “Qazprom” Almaniyada güclü təsirə sahib olub və sahibdir - nəyi ki, Berlin heç bir halda korrupsiya hesab etmir. Odur ki, lazımi anda kimisə “ipindən tutub” geri dartmaq və verilmiş mövzuda “ciyilti” çıxarmaq elə çətin iş deyil – istər “insan haqları pozuntusu” olsun, istər “kürü diplomatiyası”, istərsə də nəsə başqa bir şey.
Və budur, hazırda həmin düşərgədə ciddi bir qarışıqlıq var. Bir tərəfdən ABŞ-da demokratlar - hələ Obama administrasiyasından tanış olan Cen Psakidən tutmuş, Viktoriya Nulanda qədər, hakimiyyətə gəliblər. İndi “Nuland çərəzləri”, yeni “rəngli inqilablar” və s.-lə bağlı çəhrayi planlar qurmağın əsl vaxtıdır. Ancaq bir şey pisdir ki, yeni dövlət katibi Entoni Blinken söz verib ki, daha Vaşinqton rejimləri devirməyəcək, çünki demokratiyanın bu cür təşviqi artıq nəticə vermir; Bayden isə Azərbaycan Prezidentini Novruz bayramı münasibətilə təbrik edir və öz məktubunda demokratiyanın inkişafına eyham vurmur...
Nəhayət, ABŞ “Şimal axını- 2” qaz kəmərinə (Ukraynadan yan keçən, Avropa bazarı üçün nəzərdə tutulan Rusiya qaz kəməri, inşası 90% yerinə yetirilib – red.) qarşı “sanksiya təzyiqi”ni getdikcə gücləndiir ki, bu da Azərbaycanın qaz layihələrinin əhəmiyyətini artırır. Bundan əlavə, Bakı Xəzərdə yeni yataqlar kəşf edir və Türkmənistanla əlaqələr qurur, hansı ki, bu ölkənin də təbii qazı Azərbaycan üzərindən Avropaya çatdırıla bilər. O zaman nə etməli? Nəyə hazırlaşmalı? Köpüklü Reyn şərabı açmaq və ya “komanda” səviyyəsində matəmmi elan etmək?
Yekun etibarilə heç də nəcib niyyətli olmayan bu şirkət açıq şəkildə qızğın fəallıq göstərir, özlərinin varlığını xatırlatmağa, bir sahiblərinin önündə özlərini təmizə çıxarıb digərləri önündə şübhəli qabiliyyətlərini nümayiş etdirməyə çalışırlar... O sırada Marcus Lants da oyuna qatılıb – hansının ki, həlledici anda efirdə “Alman hesabı” açıb, şəxsi əlaqələrin harada bitdiyini, peşə borcu və peşə etikasının isə harada başladığını aydın şəkildə ayırd etmək qabiliyyəti sadəcə, çatmayıb.
Və sonda: bu populyar şounun redaksiyasında və onun sifarişçilərinin kabinetlərində kiçik bir şeyi - bütün bu tamaşanın oynandığı fonu nəzərə almayıblar. Elə bir vaxt ki, Avropa demokratiyasının ən sadiq pərəstişkarları belə, artıq aşağıdakı xoşagəlməz suallardan yayına bilməzlər: yaxşı olmazmı ki, alman mediası elə “Alman evi”ndə baş verənlərlə məşğul olsun? Hansı “ev"də ki, korrupsiya da, ksenofobiyanın artması da, siyasi problemlər də özünü göstərir və hakimiyyət nəinki koronovirusun “üçüncü dalğa”sını dayandıra bilməyib, üstəlik, özünü aşkar korrupsiya “şleyfi” olan “peyvənd müharibəsi”nə cəlb edib.
Əlbəttə ki, Lantsla olan efirdə bu suallar səslənməyəcək. Fəqət, bu, heç də o anlama gəlmir ki, onlar yerli-dibli mövcud deyil. Ələlxüsus Azərbaycanda o sualların səslənəcəyi açıq aydındır. Azərbaycan da son zamanların Berlin siyasətindən özü üçün nəticə çıxaracaq. Bəli, bu nəticə artıq yeni qüvvələr nisbəti nəzərə alınaraq çıxarılacaq. Hansını ki, Berlində heç cür “həzm edə” bilməyəcəklər və onunla hesablaşmaq məcburiyyətində qalacaqlar - Lants və onu kukla kimi oynadanlara bu nəticənin xoş gəlib-gəlməməsindən asılı olmayaraq...
Musavat.com