Paşinyanın Rusiyaya səfəri təsdiqlənir: Nikol 7 apreldə Moskvaya gedəcək və Putinlə görüşəcək.
İrəvan nə təsdiq, nə təkzib edir, lakin informasiyalar səfərin 7-8 apreldə baş tutacağı yöndədir.
Səfərin gündəliyinə iki məsələnin daxil olduğu haqda məlumatları var:
- Paşinyan Putindən şəxsi təhlükəsizliyinin təmin edilməsinə zəmanət istəyəcək: 20 iyunda növbədənkənar parlament seçkiləridir, Nikol hakimiyyətini qorumaq dərdindədir;
- Putindən Ermənistanın "hərbi əsir” adlandırdığı Bakıdakı erməni terrorçuların seçki ərəfəsində qaytarılmasına kömək istəyəcək.
Bakının şərtləri qəbul ediləcəyi təqdirdə bu məsələyə isti münasibət bəsləyəcəyi gözləniləndir:
- Erməni hərbi birləşmələrinin Qarabağdan tamamilə çıxarılması.
Əsas şərt budur və 10 Noyabr razılaşmasının 4-cü maddəsində əksini tapır. Lakin Bakının əlindəki "kozır”ı təkcə bu məsələyə görə tamamilə çıxaracağı inandırıcı deyil, çünki bu maddə razılaşmada mövcuddur və yerinə yetirilməlidir. Bu baxımdan, əlavə şərtlər irəli sürülə bilər: Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin boşaldılması.
Paşinyanın seçki öncəsi bu şərtləri yerinə yetirəcəyi ehtimalı azdır, Ermənistan daxili siyasətinə bu və ya digər formada yön verən Bakı da erməni revanşistlərin əlini gücləndirəcək gediş etməyəcək.
Mümkündür ki, erməni qoşunlarının çıxarılması qarşılığında "əsirlərin” bir qismi qaytarılsın və bununla həm də Paşinyanın revanşistlər qarşısında əlinin gücləndirilməsi gedişi edilsin.
Digər şərtlərin yerinə yetirilməsi prosesi seçkidən sonraya saxlanıla bilər.
Burada əsas çətinlik Kərki kəndi ilə bağlı görünür. Ermənistan tərkibində anklav olan kəndin azad edilməsi üçün dəhlizə ehtiyac var.
Qazaxın 7 kəndinin qaytarılması kommunikasiyanın açılması prosesinə paralel həyata keçiriləcəyi gözləniləndir: Bakı-Qazax-İcevan yolunun açılması üçün öncə bu istiqamətdə sərhədin demarkasiyası, yolun üzərində yerləşən ərazinin taleyinin müəyyənləşdirilməsi lazımdır.
Bakının şərtləri arasında Qırmızı Bazar yoluna nəzarətin əldə edilməsi olduğuna dair məlumatlar da var: bu yolun taleyi ilə bağlı müzakirələr gedir.
Paşinyanın Moskva səfəri zamanı Azərbaycan liderinin Rusiya torpaqlarında olacağı, yeni üçtərəfli sənədin imzalanacağı da istisna deyil.
Asif Nərimanlı