Türkiyə, türk dünyası və Qarabağ zəfəri - ŞƏRH

SİYASƏT
11:34 / 12.04.2021
1281

"Türkiyənin Avropa İttifaqına inteqrasiya etmək üçün 60 illik səyləri obyektiv və subyektiv səbəblərdən uğursuzluqla nəticələndi. Həmçinin, Ankaranın Yaxın Şərqlə birlik yaratmaq üçün son 20 illik fəaliyyətində uğursuzluq oldu”.

HİT.Az xəbər verir ki, bu sözləri siyasi analitik Nazim Cəfərsoy Türkiyənin xarici siyasətini şərh edərkən deyib. Onun sözlərinə görə, tarix, geosiyasi və qlobal sistemin balansı Türkiyəni türk dünyasının coğrafiyasına yönəldir: 

"Bu, ötən əsrdən indiyə kimi üçüncü fürsətdir. İlk öncə 20-ci əsrinin əvvəlində Türkiyənin öz şəraiti, həm türk coğrafiyasının, həm beynəlxalq vəziyyət buna imkan vermədi. İkincisi, 20-ci əsrin sonlarında yeni müstəqil türk dövlətləri və Türkiyə obyektiv balansda qismən uyğun strateji nəticələr istehsal edəcək qədər hazır deyildi. Bəlkə də bu hazırlıq müddəti 21-ci əsrin birinci rübündə Türkiyənin və türk dövlətlərinin 3-cü fürsətinin reallaşdırmağa imkan verəcək. 
 
Belə ki, ABŞ–Çin-Rusiya oxlarında yenidən qurulan dünya düzəni və türk respublikalarının əvvəlkidən daha çox hazır və təcrübəli olması bunu deməyə əsas verir. Sayları ilə hər il artan Türkiyə universitetlərinin məzunlarının potensialından daha yaxşı istifadə olunsa, türk birliyi istiqamətində fəaliyyətlər daha yaxşı bir mərhələyə daşına bilər. 

Digər tərəfdən Azərbaycanla Türkiyə əməkdaşlığının bu günə qədər ən böyük nəticəsi Türk coğrafiyasında əməkdaşlıq potensialını daha cazibədar edir. Yürütdüyü xarici siyasəti çox problemli olsa da, sabiq baş nazir Əhməd Davudoğlunun "Strateji dərinlik” kitabında yazılır ki, soyuq müharibədən sonra Türkiyənin ən böyük itkisi Qarabağın işğalı olub. Son Qarabağ müharibəsi bu itkini böyük mənada həll etdi. Üstəlik, tarixi rəqibi Rusiya ilə mübarizə aparmadan buna nail olundu. Bu həm də Rusiya ilə əməkdaşlığı daha da genişləndirmək potensialını artırdı. Həmçinin Ermənistanla əlaqələrin yaradılması perspektivləri də Türkiyə üçün əlavə avantaj hesab etmək olar. İnanıram ki, Bakının Qarabağ zəfəri Hatay bölgəsinin Türkiyəyə birləşdirilməsi və Kipr qələbəsi qədər Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Qarabağın işğaldan azad edilməsini AKP hakimiyyətinin ən böyük strateji uğuru saymaq olar. 

Türkiyə və Azərbaycan əməkdaşlığı regionun strateji mənzərəsini həm Qarabağ müharibəsi, həm də Gürcüstanın cəlb edilməsi ilə layihələrin həyata keçirilməsi daha əsaslı şəkildə dəyişməyə başlayıb. Bu əməkdaşlıq regiona təhlükəsizlik, sülh və rifah gətirir.

Azərbaycan və Türkiyə əməkdaşlığı Türk birliyinin genişləndirilməsinə gətirib çıxarmaqla yanaşı bu coğrafiyanın strateji mənzərəsini müsbət şəkildə dəyişdirməyə xidmət edir. Hazırkı qlobal sistemdə mədəni, iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrinin inkişafı ilə regional müttəfiqlərin qətiyyətinin artırılması həm də Türk dünyasının inteqrasiyasına fərqli strateji məna verir.

Qısası, Türk tarixi və müasir dünya düzəni bunu göstərir: Türkiyə Türk coğrafiyasına yönəlik fəal siyasətini davam etdirdikcə öz maraqlarını maksimum təmin edə biləcək güclü və fəal bir dövlətə cevrilir”.

0