“Əsas və qlobal gündəm yenə Rusiya ilə bağlıdır. Bu gün bir çox postsovet ölkəsində, o cümlədən bizdə ("sülhməramlılar" problemi) və Ukraynada "Rusiyanın caynağından necə qurtulaq, ölkədə xaos yaratmamaqla liberal dəyərləri, demokratikləşməni necə həyata keçirək?" düşüncəsi siyasi gündəmə hakim kəsilib.
Dəfələrlə demişik ki, postsovet ölkələrində Sovetin varisi rəsmi Moskvanın pəncəsindən qurtulmağın yolu azad seçki və demokratiyadan keçir”.
HİT.Az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
AY Partiya Başqanının fikrincə, təhlükəni adlamağın ən doğru yolu xalqın dəstəyini alan liderin və ya siyasi partiyanın hakimiyyətdə olmasıdır. Demokratik seçki ilə hakimiyyət olursansa, Rusiyadan qorxmursan və ölkəni ağıllı şəkildə Rusiyanın imperialist siyasətindən uzaqlaşdırırsan.
“Postsovet məkanında xalqın səsini qazana bilməyən, seçkini saxtalaşdıran istənilən diktator nə etsə də, Rusiyadan qopa bilməz. “Batka”nın timsalında biz bunu gördük.
Ukrayna bu prosesin 1-ci mərhələsini uğurla adlayıb. İkinci mərhələ diplomatik münasibətlərə aiddir. İndi qalır, strateji müttəfiqlər və dost ölkələr.
Bu məsələdə isə Çörçilin təbirincə desək, "yaxşı dostlar yoxdur, yaxşı maraqlar var".
Beynəlxalq siyasətin amalına çevrilən bu deyim bu gün də dəyərini qorumaqdadır. Yaxın keçmişə nəzər salsaq, Yaxın Şərq və Cənubi Qafqazdakı münaqişələrin tamamında katalizator rolunu oynayan heç bir super güc on illərlə maraqlarına xidmət etmiş "zavallı"nın arxasında dayanmadı.
Rusiyanın Avropada ruporu rolunu yerinə yetirən Yuqoslaviya param-parça olanda və dövlət başçısı cəllad Miloşeviç devriləndə Rusiya arxasında dayanmadı. Hüsnü Mübarəkin, Müəmmar Qəddafinin, Səddam Hüseynin də arxasında Qərb ölkələri dayanmadı, əksinə özləri bitirməyə qərar verdi.
İndi isə qəsbkar Rusiya imperiyasına qarşı Ukrayna da sonda yenə tək qala bilər. Bu barədə keçən dəfəki yazımızda da bildirdik. Hələlik lokal xarakter daşıyan müharibə iki ölkə arasında irimiqyaslı müharibəyə çevrilərsə, sonluq hansı ssenari ilə yekunlaşa bilər, bu, tam da müəyyən deyil”, - deyə o bildirib.
Anar Əsədli qeyd edib ki, son 30 ildə mərkəzi Avropadan Ukraynayadək bütün "mövqe"lərini əldən verən Rusiya imperiyasının sonuncu "divar" kimi Ukraynanı itirməmək üçün hər şeyə hazır olduğunu görürük: “Eyni zamanda NATO-nun Ukraynanı itirməmək üçün atdığı addımları da görürük.
NATO Rusiyanın Baltik və Şərqi Avropa sərhədləri boyunca “dəmir yumruq” yaradır. Yüzlərlə ağır artilleriya, zirehli texnika, onlarla hava vasitəsi (ağır bombardmançı təyyarələr də daxil) və minlərlə hərbi personaldan ibarət silahlı birləşmələr hazırda həmin regiondakı ölkələr də hərəkətə keçib. Məqsəd Donbas və Ukrayna sərhədləri boyunca Rusiyanın və tərəfdarlarının hərbi aktivliyinə qarşı güc göstərməkdir. NATO-dan bildiriblər ki, Rusiyanın Avropaya təhlükə yaratmasına müşahidəçi kimi qalmayacaq, lazımlı anda hətta NATO ölkəsi olmayan Avropa ölkələrini, o cümlədən Ukraynanı da qoruya bilərlər. Bəlkə də məsələ savaşa qədər gedib çıxmaya bilər, lakin vəziyyətin ciddi şəkildə gərginləşəcəyi şübhə doğurmur. Rusiya üçün Ukrayna ölüm ya da qalım deməkdir. Rusiya Ukraynada uduzsa, o zaman demokratikləşmə prosesi sürətlənəcək ki, bu da Rusiyanın dağılması deməkdir.
Putin də, Ukraynanın dostları da bunu yaxşı dərk edir. Çörçilin fikirlərinə bu dəfə başqa rakursdan baxaq: Rusiya ilə bağlı maraqlar tərəfləri dost edə bilər”.