ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng etdi. Vaşinqtondan Bakıya edilən bu zəng və müzakirə edilən mövzular bir neçə kontekstdə diqqət çəkir:
1. Baydenin "soyqırımı” deməsindən sonra edilən ilk zəng;
2. Minsk Qrupunun gələcək faəliyyətinin müzakirəsi;
3. Əliyev Azərbaycanın Türkiyənin yanında olduğunu yenidən diqqətə çatdırır.
Blinkenin "soyqırımı” məsələsindən sonra Əliyevə zəng etməsi ABŞ-ın enerji təhlükəsizliyindən tutmuş regional təhlükəsizliyə qədər bir çox məsələdə əməkdaşlığı davam etdirməkdə maraqlı olması deməkdir. Vaşinqton ermənilərə "hədiyyə” versə də, Bakı ilə işləmək istəyir.
"Minsk Qrupunun gələcək fəaliyyətinin” müzakirəsi Bakının mövqeyinə yaxındır. Azərbaycan münaqişənin bitdiyini, həmsədrlərin gələcək fəaliyyətinin hansı formatda olmasının yenidən müəyyən edilməsini və daha çox humanitar proseslərdə iştirakını deyir. Əliyev Blinkenə bu mövqeyi çatdırıb və müzakirənin müharibədən sonrakı vəziyyətlə bağlı olması da Vaşinqtonun Bakının mövqeyini qəbul etməsi kimi izah oluna bilər. Hərçənd, hər şey proseslərin inkişafından asılı olacaq.
ABŞ regionda kommunikasiyanın bərpası prosesindən kənarda qalmaq istəmir, xüsusilə Cənubi Qafqazı Çinlə mübarizə müstəvilərindən birinə çevirməyə hazırlaşan Vaşinqtonun Zəngəzur dəhlizini öz təsirinə almaq və Mərkəzi Asiyaya çıxış marşrutu olaraq istifadə etmək planının olduğu görünür. "Soyqırımı” məsələsinin əsas hədəflərindən biri bu idi.
Əliyevin "soyqırımı” ifadəsindən narahatlığını birbaşa Baydenin baş diplomatına bildirməsi və Türkiyənin yanında olduğunu diqqətə çatdırması həm də gələcək mövqeyinin ifadə edilməsidir: Bakı Ankaranın yanındadır və ABŞ regionda öncə Türkiyə ilə razılaşmalıdır.
Asif Nərimanlı