Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu sayəsində ölkəmizdə nümayəndəlik açmaq istəyən xarici dövlətlərin sayı çoxalır. Hazırda ölkəmizdə 100-ə yaxın dövlətin nümayəndəliyi, səfirlik və ya konsulluğu fəaliyyət göstərir.
Bu qurumların tərkibində azərbaycanlı işçilərin də olması müsbət hal kimi qiymətləndirilir. Bəs maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nə qədər işçisi azərbaycanlı olmalıdır? Bununla bağlı müəyyən kvota varmı?
Mövzu barəsində Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, işçilərin seçimi nümayəndəliklərin və səfirliklərin səlahiyyətindədir:
“Xarici ölkənin Azərbaycanda açılan səfirliklərin işçiləri 3 kateqoriyaya bölünürlər. Birinci kateqoriya diplomatlardı, onlar diplomatik immunitetə malik olan işçilərdir. İkinci, texniki işçilərdir – hansı ki, bu şəxslər xaricdən gələn texniki məsələlərə cavabdeh şəxslərdir. Onların diplomatik imtiyazları bir az məhduddur. Üçüncü isə yerli əhalidən qəbul olunmuş işçilərdir. İşə götürülmə prosesi işçini qəbul edən xarici ölkənin qanunları ilə tənzimlənir. Bununla belə fəaliyyət göstərdikləri ölkənin qanunlarına qarşı da öhdəlikləri var”.
Tofiq Zülfüqarov azərbaycanlı işçilərin sayı ilə bağlı heç bir kvotanın olmadığını söyləyib:
“Kvota deyilən bir şey yoxdur. Səfirlik özü istənilən qədər işçi qəbul edə bilər, diplomat göndərə bilər. Əsas prinsip odur ki, diplomatik əlaqələri kim yaradırsa, o, işlərin necə icra olunduğunu müəyyən etməlidir. Nümayəndəliklər isə qarşılıqlı razılaşmalar nəticəsində seçilir. Nümunə olaraq deyə bilərik ki, diplomatik səfirliyə verilən ərazi iki ölkə arasında nizamnaməni tənzimləyən sazişlə olur. Ümumi qaydalar var və hər bir ölkə ona riayət etməlidir”.