İranın Azərbaycan qısqanclığının arxasındakı niyyətlər – TƏHLİL

SİYASƏT
15:23 / 20.05.2021
7371

Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyənləşdirilməsi fonunda cərəyan edən proseslər onu deməyə əsas verir ki, hazırkı vəziyyət müharibədən öncəki durumdan da kövrək dayaqlar üzərindədir. 

Məlumatlara, açıqlamalara, xəbərdarlıqlara zəncirin həlqələri kimi nəzər yetirmək lazımdır – burada bir sıra maraqlı məqamlar ortaya çıxır və ardıcıllıq bunların bir-birilə əlaqəli olduğunu göstərir.

Ermənistanla sərhədlərin müəyyənləşdirildiyi bir zamanda cənub sərhədlərində iranlı vətəndaşların təxribatı, Azərbaycanın iki sərhədçisinin şəhid olması ilk baxışda adi sərhəd pozuculuğunun nəticəsi kimi qələmə verilə bilər, elə rəsmi versiya da bu fikri tirajlayır.  

Lakin bunun ardınca İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Möjtaba Zonnurun Tehranın regionda sərhəd dəyişikliyini və sərhədlərində hər hansı transregional qüvvələrin mövcudluğunu qəbul etmədiyini deməsi problemin miqyasının geniş olduğunu göstərir. Sərhədlərin delimitasiya və demarkasiyası, ardınca sərhəd pozuculuğu, İranın ritorikasında ikimənalı və diplomatik ifadələrdən çox, birbaşa, birmənalı, düşməncəsinə danışması diqqət çəkir.

Bəs Zonnur transregional qüvvələr deyərkən nəyi nəzərdə tutur?

Burada üç versiya önə çıxır:

Birincisi, İran Türkiyənin yeni mərhələdəki güc potensialını dəyərləndirir və bunun qarşısını almaq istəyir.

İkincisi, regionda baş verənlər böyük güclərin də maraq dairəsində əhəmiyyətli dəyər qazanıb və ABŞ-ın fəaliyyəti aktiv fazaya keçib.

Üçüncüsü, Tehran Azərbaycanın da güclü dövlət olmasını həzm edə bilmir və regionda istər Rusiyanın, istərsə də Vaşinqtonun maraqları Bakının siyasəti ilə uzlaşdırılır, burada maraqlar balanslaşdırılır ki, Tehran bunları narahatlıqla izləyir.

Digər diqqət ediləsi bir məqam isə məhz İranın təhdid ritorikasından sonra ABŞ Dövlət Departamentinin ABŞ vətəndaşlarını Azərbaycana və Ermənistana getməməyi tövsiyə etməsi, bunu terror təhlükəsi ilə əlaqələndirməsidir.

Britaniya da vətəndaşlarına Ermənistanın Tavuş vilayətinə getməməyi tövsiyə edib.

Bir sözlə, hadisələrin arxasından böyük geosiyasi maraqlar boylandığını və yaranmış fürsətlərdən maksimum yararlanmaq siyasətinin olduğu görünür.

Ona görə də, İran Qərbin də Cənubi Qafqazdakı fəaliyyət dairəsini genişləndirməsindən bərk qorxuya düşüb.

Azərbaycanın 2021-ci ildə iki dəfə antiterror təlimləri keçirməsi həm ermənilərin başının tamamilə əzilməsinə hesablanıb. Lakin ABŞ-ın xəbərdarlığı fonunda bunu analiz etsək, demək mümkündür ki, bu, həm də terror təhdidlərinə qarşı ciddi məşqlərdir.

İranın narahatlığı fonunda isə bir qrup iranlı generalın İrəvana səfərini diqqətdən kənarda saxlamaq olmaz.

İran indi Ermənistanla münasibətlərini möhkəmlətməyə, bununla da strateji müttəfiqlik əlaqələri yaratmağı qarşısına məqsəd qoyub.

Bütün bunlardan çıxarılan nəticələr:

1. Azərbaycanın güclənməsi İran kimi qonşunu qəzəbləndirir

2. Azərbaycan milli maraqlarını üstün mövqeyə çıxarır, lakin bundan faydalanmaq istəyən güclər var.

3. Azərbaycan üçün bütün mümkün təhdid və təhlükələrin qarşısının vaxtında alınmasını prioritetdir. 

2
oxu.az