Şarl Mişel Qarabağla bağlı danışıqları bərpa etməyə çağırdı

SİYASƏT
23:05 / 02.06.2021
1302

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə telefon danışığı olub.

HİT.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir. Bildirilir ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla da görüşən Mişel tərəfləri Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı danışıqları bərpa etməyə çağırıb.

“Şarl Mişel 9 noyabr 2020-ci il tarixli atəşkəs bəyannaməsinin Azərbaycan və Ermənistan tərəfindən tam şəkildə həyata keçirilməsinin regional təhlükəsizlik və sabitlik üçün vacib olduğunu xatırlatdı. Aİ sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində təcrübə bölüşməyə və etimadın möhkəmlənməsinə dəstək olmağa hazırdır”, - deyə Aİ-nin yaydığı bəyanatda qeyd edilir.

Danışıqlar zamanı Mişel, həmçinin, Cənubi Qafqazın sabitliyi və firavanlığının Aİ və iki tərəfdaş ölkə ilə əlaqələrin dərinləşməsi üçün əhəmiyyətini vurğulayıb:

“Aİ Şərq Tərəfdaşlığının ayrılmaz hissəsi olan Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi, sabitliyi və firavanlığı ilə dərindən maraqlanır".

4