Ermənistanı məyus edən zəng - Supergüclərin diqqəti Bakıda

SİYASƏT
16:13 / 03.06.2021
8537

Nikol Paşinyanın Rusiyaya əvəz axtarışına çıxdığı bir vaxtda Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətləri (iyunun 2-də) Azərbaycanın regionun güc mərkəzinə çevrildiyini nümayiş etdirən əsas faktorlardandır. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təmasını rəsmi Bakının regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü də adlandırmaq olar.

Bu əhəmiyyətli hadisələr fonunda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın iyunun 2-də Fransaya səfəri İrəvanın sərhəd məsələsində Parisdən növbəti dəfə dəstək almaq məqsədi daşıdığı artıq gün kimi aydındır. 44 günlük müharibədən nəticə çıxara bilməyən Ermənistandan fərqli olaraq postkonflikt dövrünün gerçəkliklərlə uyğun olaraq Azərbaycan regiondakı və dünyadakı çəkisini artırmaq üçün mühüm həmlələr edir.

Belə ki, Çinin dövlət başçısı Si Cinpin telefon danışığı zamanı Prezident İlham Əliyevə Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayaraq hər iki ölkənin ənənəvi dostluğunun inkişaf etdirməsindən, əməkdaşlığı dərinləşdirməsindən və qarşılıqlı dəstəyi artırmasından danışması rəsmi Bakı üçün hazırkı dönəmdə olduqca əhəmiyyətli çıxış idi. Çin liderinin sözləri Azərbaycanın nə qədər etibarlı tərəfdaş olması ilə yanaşı, II Qarabağ müharibəsindən sonra daha da artan nüfuzundan xəbər verir. Eyni zamanda Si Cinpinin bu açıqlaması Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə göstərilən dəstəyin bir təzahürüdür.

ÇXR Sədrinin Azərbaycanın "Bir kəmər bir yol" təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulaması iki ölkə arasında gələcəkdə də 10 noyabr üçtərəfli bəyanatının tərkib hissəsi olan Zəngəzur dəhlizi və bu bəyanata əsaslanan digər kommunikasiyalar vasitəsi ilə Qərbə çıxışının təmin olunmasında, ticari əlaqələrinin daha da dərinləşməsində maraqlı tərəf olduğunu özündə ehtiva edir.

Dövlət başçıları bu telefon danışığı zamanı qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır. 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında Azərbaycanın mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilməsinin ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün əhəmiyyəti olduqca böyükdür.

Bu zamana kimi Azərbaycan ilə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. Dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda Çin liderinin Azərbaycanın "Sinovak" peyvəndi ilə təmin olunmasında göstərdiyi dəstək iki ölkə arasındakı yüksək etimaddan xəbər verir. Rəsmi Bakının Pekinə peyvəndlə bağlı müraciəti dərhal yerinə yetirildi və məhz buna görə bu gün Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələrdəndir. Bunun sayəsində bu gün Azərbaycanda 2 milyondan çox insanı artıq peyvənd etmək mümkün olub. Bu, bizim ümumi əhalimizin təqribən 20 faizini təşkil edir və istifadə olunan peyvəndlər 99,99 faiz Çin istehsalıdır.

Xüsusilə, Post-Covid dövründə yeni dünya düzənində Çinin aparıcı qüvvələrdən biri, qlobal güc mərkəzi olmasını nəzərə alsaq, bu kontekstdə Azərbaycan-Çin əlaqələrinin inkişafının əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Xatırlamaq kifayət edir ki, Prezident İlham Əliyevin Çinə son səfəri zamanı Pekində həmkarı ilə görüşündə Si Cinpinin Azərbaycan Prezidentini Çinin dostu adlandırması sıradan bir hadisə deyildi. Düşünürəm ki, bu, iki ölkə arasındakı münasibətlərin bariz göstəricisi olmaqla yanaşı, Prezident İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymət, dövlət başçımıza olan inamın təsdiqidir.

1
milli.az