Laçın dəhlizini bağlamaq tələbləri ARTIR

SİYASƏT
09:03 / 09.06.2021
2869

Qarabağ müharibəsindən sonra əsas diqqətin ermənilərin Ermənistana yeganə çıxış yolu olan Laçın dəhlizinə yönələcəyi gözlənilən idi. Ermənilərin bu koridor vasitəsilə Qarabağa qaytarılmasından sonra Azərbaycanın buraya birgə nəzarəti gündəmə gəlməli idi. Həm də o səbəbdən ki, Qarabağa hələ də separatçı əhval-ruhiyyəli adamlar gəlirlər, son olaraq II Qareginin Xankəndinə səfəri buna sübutdur.

Üstəlik, Laçın yolunda Şuşanın bir neçə kəndi də var ki, onlarda ermənilərin mülki əhalini məskunlaşdırmaq planı var. 10 noyabr razılaşmasında 3 il müddətinə Ermənistana alternativ yol çəkilməsi də əksini tapıb. Bəyanatın 6-cı bəndində deyilir ki, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir (eni 5 km). “Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitənin təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”. Bu yol işə salındıqdan sonra Laçın şəhəri də daxil olmaqla, Şuşayadək olan təxminən 60 kilometrlik yol Azərbaycanın tam nəzarətinə keçməlidir. Amma razılaşmadan keçən müddət ərzində yeni yolla bağlı hər hansı informasiyaya rast gəlinmir. Laçın koridorunu bağlamaq, əhalini məskunlaşdırmaq  üçün həmin alternativ yol mühümdür, bəlkə də tezləşdirilməsi lazımdır. Laçın dəhlizini bağlamaq barədə Bakıdan səslənən bəyanatlar Ermənistana təsir edəcəkmi?  Qarabağın açarı-Laçın dəhlizini bağlamaq, yoxsa alternativ yolun tikintisini sürətləndirmək?

Keçmiş Laçın alayının komandiri Arif Paşa “Yeni Müsavat”a bildirdi ki, Laçın dəhlizini bağlamaq və separatçılara əlavə heç bir dəhliz verməmək lazımdır. Ermənilərə ancaq bu yolla təsir edə bilərik. Laçınla Şuşanı birləşdirən yolun üstündə bir neçə kənd var ki, hələ də orada ermənilər var. Hansı ki, həmin kəndlər terror yuvasıdır. İlk növbədə bu kəndlər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına alınmalıdır: “İkincisi, əgər hətta Laçın ərazisindən ikinci yol açılacaqsa və həmin dəhliz də rus sülhməramlılarının nəzarəti altında olacaqsa, nə fərqi var, Xankəndinə silahı, terrorçuları ya hazırkı dəhlizlə daşıdılar, ya da yeni dəhlizlə? Yeni çəkiləcək dəhlizin eninin 5 kilometr olması nəzərdə tutulub. Həmin yola bizim praktiki nəzarət imkanlarımız olmayacaqsa, daha pis. Hazırkı dəhlizin yeni açılacaq dəhlizlə əvəz edilməsinin yeganə müsbət tərəfi o ola bilər ki, Laçın rayonunun mərkəzi və bir çox kəndlərində bu halda laçınlılar yerləşə biləcəklər.

Bu gün faktiki olaraq 10 noyabr üçtərəfli bəyanatının müddəalarına nə Ermənistan, nə də Rusiya əməl edir. Xankəndində, Ağdərədə, Xocavəndin mərkəzində, Xocalıda, Əsgəranda və bir sıra kəndlərdə hələ də Ermənistan silahlı qüvvələrinə aid 20 minə yaxın silahlı qalır. Xankəndində separatçı rejim hərbi çağırış həyata keçirir. Onlar sülhdən danışmırlar, açıq bəyan edirlər ki, Azərbaycanın tərkibində olmaqdan söhbət gedə bilməz. Rusiya sülhməramlıları da bütün bunlara şərait yaradır. 

Ermənilərə xüsusi dəhliz verilməməlidir. Onlara bəyan edilməlidir ki, kim Azərbaycan vətəndaşlığını, ərazi bütövlüyünü tanıyırsa, bütün  vətəndaşlarımıza aid olan hüquqlar onlara da aid olacaq. Ermənistana isə Azərbaycan vətəndaşı olaraq sərhəd və gömrük buraxılış məntəqələrindən keçib gedə və geri qayıda bilərlər".

A.Paşa qeyd etdi ki, indiki halda isə Laçına ancaq Ermənistan pasportu daşıyan şəxslər buraxılır, onlara sərbəst hərəkət etmək ixtiyarı verilir: “Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər. Laçın dəhlizini bağlamaq barədə bəyanatlar Ermənistana təsir etmir. Bəyanatdan real işə keçməliyik, dəhliz bağlanmalıdır və ya Azərbaycanın müvafiq orqanlarının, silahlı qüvvələrinin nəzarəti altında fəaliyyət göstərməlidir. Ancaq bu yolla Ermənistana təsir göstərmək mümkündür. Bu gün isə Laçın dəhlizi separatçıların istifadəsindədir və oradan istədikləri kimi istifadə edirlər. 10 noyabr üçtərəfli bəyanatı Ermənistan tərəfindən çoxdan pozulub. Ona görə də Azərbaycan antiterror əməliyyatı başlamalıdır və dəhliz də nəzarətimizə alınmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Laçın koridoru Azərbaycan üçün təhlükə mənbəyidir. Əvvəldən həmin yolun rusların təkbaşına nəzarətinə verilməsi ilə razılaşmamalı idik. İndi həmin yol ermənilərin silahlı və ideoloji təxribat, terror yoluna çevrilib. Oradan Xankəndinə həm silah daşınır, həm də terrorçu qruplar gətirilir: “Həmçinin keşiş Qaregin də daxil ideoloji təxribatçılar regiona daxil olur. Erməni keşişləri, kilsəsi həmişə terror təbliğatçıları, yuvası olublar. İndi Qaregin də gəlib Dağlıq Qarabağdakı erməniləri yeni terror hərəkətlərinə təşviq edir, ”arsax"ın bərpa olunmasından" danışır. Azərbaycan bu keşiş donu geyinmiş terrorçunun oraya gəlməsinə imkan verməməli idi. Bütün bu təhlükəli hadisələrə, ermənilərin meydan sulamasına görə Rusiya məsuliyyət daşıyır. Rusiya bütün razılaşmaları pozur. Ona görə də rus sülhməramlıları deyilən, əslində erməniləri himayə edən hərbi kontingent dərhal regiondan çıxarılmalıdır, Azərbaycan Türkiyənin dəstəyi ilə nəzarəti öz üzərinə götürməlidir. Rusiyadan çəkinməyə ehtiyac yoxdur, onların sülhməramlılarına da ehtiyacımız yoxdu. Biz öz qüvvəmizlə 10 noyabr və 11 yanvar razılaşmasına uyğun olaraq prosesləri həyata keçirə bilərik. Rusiya prezidentinin və Ermənistan baş nazirinin bizimlə birlikdə imzaladığı həmin sənədlərə görə, bütün ərazilərdə, o cümlədən Xankəndində Azərbaycan hakimiyyəti bərpa olunmalıdır. Rusiya və Ermənistan rəhbərləri Azərbaycanın bu haqqını öz imzaları ilə tanıyıblar. Ona görə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyi kimi, bu üçtərəfli sənədi də həyata keçirməlidir. Rusiyanın və ya Ermənistanın əlavə razılığını soruşmağa ehtiyac yoxdur. Azərbaycan Laçın koridoru deyilən ərazini tam nəzarətə götürməli, ehtiyac görərsə, bundan sonra əlavə yol çəkməlidir". 
  

0