"Ağdam rayonu üzrə mina xəritələrinin əvəzində 15 erməni əsirin qaytarılması barədə razılaşma sevindirici və təqdirəlayiq bir uğurdur".
HİT.Az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
O qeyd edib ki, siyasi şərhçilərimiz kifayət qədər əhatəli şəkildə məsələyə münasibət bildiriblər: "Mənim vurğulamaq istədiyim məsələ isə Türkiyənin hazırda regionda oynadığı rol barədədir. Dəfələrlə mənə efirlərdə və efir xaricində suallar verilirdi ki, niyə savaşdan sonra Türkiyənin səsi zəif gəlir? Buna yarızarafat, yarıciddi cavabım təxminən belə idi ki, Türkiyə rolunu və gücünü göstərmək üçün hər gün küçələrdə parad keçirməlidir? Nəhayət, narahat insanlarımız bu günün siyasi-diplomatik uğuru olan mina xəritələrinin verilməsinin arxasında Türkiyənin necə strateji çalışma sərgilədiyini görə bildilər.
Türkiyə Prezidentinin Baydenlə rəsmi görüşdə məhz xəritə məsələsini qabardacağı haqda bəyanatı, Gürcüstanı təşəbbüs göstərməyə sövq etməsi, Rusiyanın iradəsi xaricində barter həyata keçirməsi 3-5 günün diplomatik səyləri ilə olmur, əzizilərim. Bəzən aylar, bəzən illər lazım olur. Bunu ona görə özəlliklə yazıram ki, bu gün Qərb və xüsusən də ABŞ Türkiyəsiz regiona burnunu soxa bilməyəciyini başa düşüb və qəbul edib. Çox ciddi siyasi-iqtisadi xəritələnmə baş verir və Rusiya bunu bütün detayları ilə görür, imkan daxilində ya qarşısını almağa, ya da faydalanmağa çalışır, eyni zamanda regionun "ağası mənəm" kimi fikrləri təbliğ etmək üçün vaxtaşırı "Türkiyə hardadır, niyə görünmür?" kimi sualları da dövriyyəyə buraxır. Bu səbəbdən narahat olsaq da, Türkiyəyə güvənimizi qoruyaq".