Bu, Azərbaycan üçün Şimaldan gələn təhdidləri artıra bilər - ŞƏRH

SİYASƏT
12:58 / 17.06.2021
2152

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli ABŞ və Rusiyanın liderləri Jozef Baydenlə Vladimir Putin arasında İsveçrədə baş tutan görüşü şərh edib. 

HİT.Az-ın xəbərinə görə, REAL yetkilisi bildirib ki, bu görüşün yaxın zamanlarda dünya siyasətinə, dünyada baş verən və verəcək hadisələrə çox ciddi təsiri olacaq. 

“Görüşdən gözlə görünən, ən əsası isə ilk baxışdan görünməyən, amma hiss edilən nəticələr çıxartmaq mümkündür. 

1. Hər iki ölkə səfirləri yenidən öz iş yerlərinə qayıdacaqlar (aylardır ki, səfirlər geri çağrılmışdı). 
2. Bir neçə qlobal istiqamət üzrə birgə işçi qruplar yaradılacaq (ya da işləri bərpa ediləcək) – Kibercinayətkarlıq, Arktika və s., 
3. Hər iki ölkədə həbsdə olan vətəndaşların dəyişdirilməsi”, - deyə Natiq Cəfərli əlavə edib.

Daha sonra o, Baydenin keçirdiyi mətbuat konfranslarına diqqət çəkib: 

“Baydenin mətbuat konfransları maraqlı keçdi, məncə, ipucları həmin tədbirlərdə göründü: 

1.İnsan haqları məsələsinə fərqli baxışların olduğu bilinirdi, amma görünən odur ki, ABŞ nə Navalnını həbsdən çıxarmaq üçün ciddi addım atmaq istədi, nə də KİV və QHT-lərlə bağlı Rusiyada olan bərbad vəziyyətlə bağlı ciddi narahatlığını biruzə verdi. Bu bir daha sübut edir ki, insan haqları, demokratiya, sivil toplum və mətbuat məsələsi Qərb üçün dəyərlər olsa da, həm də danışıq və güzəşt predmetidir. Yəni, Qərb bu məsələləri qaldırır, təzyiq edir, sonra öz əsl gündəliyində olan, milli maraqlarına xidmət edən məsələlərdə nəsə güzəşt qoparıb, dəyərləri ritorikaya, çağırışlara çevirir. 

2. ABŞ üçün əsas məsələlərdən biri kibercinayətkarlıqla bağlı addımlar idi – məncə, bu məsələdə anlaşdılar, Kreml dedi ki, siz insan haqları mövzusunu və sanksiyaları zəiflədirsiz, biz də kiberhücumları saxlayırıq, həm də Arktikadan yeni dəniz yolunun açılması məsələsində sizinlə birgə işləyirik, 
3. Baydenin mətbuat konfransındakı çıxışını çox bəyəndim, adam dünya siyasi səhnəsinin ən təcrübəli siyasətçisi olduğunu sübut etdi, ilk dəfə idi ki, hətta özünə yaxın olan KİV-ləri acıladı, diplomatiyanın daha incə bir məsələ, boş sözlü hücumların ziyanlı olduğunu üzlərinə söylədi”.

Natiq Cəfərli Vladimir Putinin də açıqlamalarına toxunub: “Putinin mətbuata açıqlamaları da maraqlı idi, bəzi məsələləri düz desə də, doğruları söyləmədi, müqayisəsi mümkün olmayan məsələləri müqayisə etməyə çalışdı, amma əsas odur ki, ABŞ-la işləməyə hazır olduğunu bəyan etdi. Çünki Putin də anlayır ki, post-putin dövrü üçün indidən nəsə etməlidir – Rusiyanın (ümumiyyətlə, avtoritar ölkələrin) ən zəif cəhəti odur ki, sistem bir nəfərin üzərinə inşa edilir. Həmin şəxs gedəndən sonra ölkədə mütləq müəyyən dalğalanmalar olur. Putin dünən öz hakimiyyəti dönəmində BEŞİNCİ (!!!) ABŞ prezidenti ilə görüşürdü – Ağ Evdə prezidentlər dəyişsə də, ABŞ-ın strateji hədəfləri dəyişmir. Rusiya isə elə deyil, bu gün post-putin dönəminin necə olacağı haqqında heç ümumi təsəvvürlər belə yoxdur. Bu Rusiyanın ən zəif nöqtəsi, dünya üçün isə həm fürsət, həm də təhlükə mənbəyidir”.

REAL yetkilisinə görə, Bayden-Putin görüşünün ən maraqlı detalı, “altı aydan sonra münasibətlərə baxacağıq” bəyanatıdır: “Məncə, bu 6 ayda ABŞ və Rusiya arasında Çin məsələsinin ciddi, hərtərəfli müzakirəsi olacaq. Bir neçə dəfə yazmışam, bir daha qeyd edim: ABŞ və Avropa həm Rusiya, həm də Çinlə eyni anda, iki “cəbhədə” mübarizə apara bilməz, bu mümkün deyil, itkilərlə nəticələnəcək. Kollektiv Qərb üçün Çin-Rusiya strareji birliyi, böyük “ikiliyin” yaranması perspektivi qorxuludur, bu böyük “ikilik” mütləq indiki böyük “yeddiliyə” ciddi problemlər yaradacaq. Ona görə də, “ikiliyin” yaranmasına imkan verməmək üçün Rusiyanı qane edəcək addımlarla Çinə qarşı ittifaqda yer almağa dəvətlər olacaq. Bu anlaşma baş tutsa, Qərb keçmiş post-sovet məkanını (Baltikyanı ölkələrdən başqa) Rusiyanın partonajlığına güzəştə gedəcək (müvəqqəti də olsa). Bu addımla həm Çinə qarşı birgə addımları korrdinasiya edəcək, həm də keçmiş post-sovetin bütün problemlərini Kremlin çiyninə yükləyərək SSRİ-nin aqibətini Rusiya üçün orta və uzun müddətdə hazırlayacaq – amma, bu müddət uzun çəkəcək, bu isə regionumuz, o cümlədən Azərbaycan üçün Şimaldan gələn təhdidlərin artması demək olacaq.

Bütün bunları nəzərə alaraq imzalanan Şuşa Bəyannaməsinin, Türkiyə-Azərbaycan hərbi-iqtisadi-streteji birliyinin önəmi daha da artır (bu haqda dünən bir neçə geniş müsahibəm oldu, linklər şərhlərdə olacaq, maraqlananlar tanış ola bilər). Bizim üçün qoruma qalxanına çevrilir, yaxın illərdə Dünyada hibrid, qarışıq, isti toqquşmalar, münaqişələr artacaq, Kremlin aqressiyası yüksələcək – belə bir dünyada sağ qalmaq və öndə olmaq üçün de-fakto və de-jure ittifaqlarla yanaşı, daxili ciddi islahatların olması da mühüm rol oynayacaq – hökumət bunu da anlamalı, bu yöndə ciddi addımlar atmalıdır”.

0