Qarabağdakı seprataçı rejimin “ordu”sunun keçmiş “komandan”ı, “Syamo” ləqəbi ilə tanınan Samvel Babayan bir sıra səs-küylü bəyanatlar verərək Rusiyanı regionda öz maraqlarını təbliğ etməkdə suçlayıb.
HİT.az-ın məlumatına görə, Babayan “Aravot” nəşrində dərc edilmiş məqaləsində deyib ki, 44 günlük müharibə və hadisələrin sonrakı inkişafı Rusiyanın regionda və Ermənistan hakimiyyətində öz adamlarının olmasında nə qədər maraqlı olduğunu göstərdi.
“Xüsusi insanlara “stavka” etmək və onları təşviq etmək bütün supergüclər üçün ümumqəbuledilmiş praktikadır. Onlar bir qayda olaraq, potensial liderlərə “stavka” edirlər, lakin Rusiya ilə bağlı bu qayda işləməyib, çünki xüsusi xidmət orqanları və regional kuratorlarla yanaşı, öz maraqlarını güdən və Rusiya ilə heç bir əlaqəsi olmayan özəl qruplar da burada fəal şəkildə işləyirlər”, - Babayan qeyd edib.
Keçmiş “komandan”ın sözlərinə görə, 2020-ci ilin may ayında Rusiyaya yaxın “beşinci kalon” ona müraciət edib:
“İstəyirdilər ki, mən onların namizədi Vitali Balasanyanın irəliləməsinə çalışım. O, onlar üçün əlverişli yerli vassal olmaq və "Artsax"la Ermənistan arasında əlaqənin kəsilməsi üzrə planı reallaşdırmaq üçün kifayət qədər itaətkar və idarəolunandır. Yeganə problem xalq arasında reytinqinin aşağı olmasıdır.
O vaxtlar mənə bu təkliflə Qarnik İsaqulyan (prezident Köçəryanın milli təhlükəsizlik üzrə keçmiş müşaviri) da müraciət etmişdi. O, çoxdan "beşinci kolon"a işləyir və müxtəlif dairələrin maraqlarına xidmət edir. Mən antierməni planının iştirakçısı olmaqdan qəti şəkildə imtina etdim və Vətənimin maraqlarını mənə vəd edilən şəxsi maraqlardan üstün tutdum.
Məndən əməkdaşlıqla bağlı imtina alan İsaqulyan hədələrə keçdi - məlumat aldım ki, KİV-də mənə qarşı çirkin kampaniya başlayacaqlar, həmçinin Rusiyaya getmək imkanlarından məhrum edəcəklər. Kiminlə işlədiyimi bildiyimə baxmayaraq, mən hər halda belə güman edirdim ki, onlar təhdidlərdən o tərəfə getməyəcəklər. Lakin intriqalarla, mənə təzyiq göstərilməsinin vacibliyi barədə ruslara yalan raportlar verməklə adıma qadağa qoya bildilər”.
Babayan bildirib ki, Ermənistan coğrafi mövqeyinə görə Rusiya ilə tərəfdaşlığa məhkum olsa da, bu, bərabərhüquqlu olmalıdır: “Mən Ermənistana qarşı bu və ya digər yanlış hərəkətlərə və qərarlara görə Rusiyanı həmişə açıq şəkildə tənqid etmişəm. Lakin əgər Rusiya Federasiyasının rəsmiləri ilə dialoqa və əməkdaşlığa həmişə hazıramsa, “beşinci kolon”larla heç bir işim olmaz.
Bu yaxınlarda Ermənistanda keçirilən seçkilərdə bu qruplaşma yenidən fəallaşdı. Üstəlik, indi bir çox şaxələnmələrə bölünüb və hər kəs öz Rusiyapərəst oriyentasiyasını daha öncə sübut etməyə can atır və bu zaman erməni xalqının, dövlətinin maraqlarını tapdalamaqdan çəkinmirlər “.
Xatırladaq ki, Serj Sarkisyan 1993-cü ildə Ermənistanın Müdafiə naziri vəzifəsinə təyinat aldıqdan sonra Samvel Babayan “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun “baş komandan”ına çevrilib. 2000-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana qarşı hazırlanan sui-qəsd planına görə istintaqa cəlb olunaraq 15 il azadlıqdan məhrum edilib. Lakin o, 4 il məhkumluq həyatı yaşadıqdan sonra əfv olunaraq azadlığa buraxılıb.
VÜQAR