Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 13 üzvü -Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti iclası davam etdirilib.
APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq məhkəmə tərkibi və dövlət ittihamçısı təqsirləndirilən şəxslərə təqdim edilib. Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin hüquqlarını izah edib.
Hakim bildirib ki, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina, məhkəmə və dövlət ittihamçısı da etiraz edə bilər.
Təqsirləndirilən şəxslər bildiriblər ki, onların ibtidai istintaqdan və saxlanma şəraitlərindən narazılıqları yoxdur və onlara saxlanıldıqları müddətdə heç bir təzyiq olmayıb.
Daha sonra məhkəmə istintaqı başlanıb. Dövlət ittihamçısı Seyhun Azadəliyev ittiham aktını elan edib.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.
Sözügedən şəxslər ötən il noyabrın 17-də tarixlərində dövlət sərhədini qanunsuz olaraq keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən meşəlik ərazilərdə yerləşiblər.
Onlar ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror- təxribat törədiblər. Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Hakim qarşına çıxarılan təqsirləndirilən qrupa qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 228-ci (qanunsuz olaraq silah və partlayıcı maddələr əldə etmə, saxlama) 279-cu (qanunsuz silahlı birləşməkdə qruplar yaratma, onların tərkibində döyüşməkdə), 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, rəsmi məlumata əsasən Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.
Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.