Ermənistanda parlament seçkiləri başa çatdıqdan sonra ölkənin ikinci prezidenti Robert Köçəryanla bağlı məhkəmə prosesi yenidən start götürüb.
HİT.Az xatırladır ki, Robert Köçəryan 2008-ci il martın 1-də baş verən hadisələrə görə ittiham olunurdu.
O, bir müddət həbsdə yatdıqdan sonra Rusiyanın israrlı tələbi ilə azadlığa buraxılsa da, barəsində cinayət işi ləğv edilmədi. Açıq şəkildə sezilirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan onun həbsinə çalışır. Sadəcə Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olan Köçəryanın seçkilərə qatılması onun yenidən həbs prosesini bir qədər də ləngitdi. Lakin görünən odur ki, Paşinyan həmin ərəfədə çətin vəziyyətdə olduğu üçün Köçəryanı azadlığa buraxmaq məcburiyyətində qalmışdı. İndi isə sular durulub və haqq-hesab çəkmək üçün əlverişli imkan yaranıb.
Bu gün keçirilən məhkəmə prosesində Robert Köçəryana daha bir ittiham irəli sürüləcəyi məlum olub. Bu barədə prosesdə iştirak edən prokuror Gevorq Baqdasaryan deyib ki, yeni ittiham Köçəryanın Konstitusiyanın tələblərini pozması, ondan öz məqsədləri üçün istifadə etməsi, habelə digər mətləbləri əhatə edəcək.
Erməni mənbələrinin yaydığı xəbərə görə, Paşinyanın seçkilərdən sonra yenidən hücuma keçməsi səbəbsiz deyil. Onlar hesab edirlər ki, Nikol Robertin parlamentdə ona ciddi başağrısı verəcəyinin fərqindədir. Ona görə də, məhkəmə prosesinə yenidən start verməklə, Köçəryanın yenidən həbsinə nail olmaq və mandatını bu yolla ləğv etməkdir.
Bundan başqa, Paşinyan bununla həm də Rusiyanın üzərinə hücum etmiş kimi görünür. Çünki Xocalı soyqırımını törədənlərin başında dayanan Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinin yaxın dostu hesab olunur. Hətta onun həbsdən buraxılması üçün Putinin Nikol Paşinyandan xahiş etdiyi də bildirilir. Bu halda Paşinyan Putinə də dirsək göstərmiş sayılır.
VÜQAR