Ermənistanın növbəti oyunu: “Qarabağ Respublikası”na 168 milyon ayırır

SİYASƏT
12:08 / 02.07.2021
3970

Ermənistan hakimiyyəti Qarabağdakı erməni separatçılarına pul ayırmaq qərarına gəlib. 

HİT.Az xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Atom Cancuqazyan məlumat verib.

O deyib ki, ayrılacaq vəsait iyul ayı üçün elektrik enerjisi, qaz təchizatı və rabitə xərclərini ödəməklə yanaşı, maaş, müavinət, təqaüd və səhiyyə xərclərini qarşılamaq məqsədi daşıyır. “Bu məqsədlə 8.8 milyard dram pul ayrılması planlaşdırılır. Bunun 1.2 milyard dramı əhalinin kommunal xərclərinə sərf olunacaq. Qalan hissəsi isə dövlətlərarası kredit çərçivəsində “Qarabağ Respublikası”na ayrılacaq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, rəhbəri olduğu ölkə Qarabağa 8.7 milyard dram “dövlətlərarası borc” ayırıb. “Noyabr ayından bəri 14 proqram həyata keçirilib. Hazırda ümumilikdə, 53 milyard dram xərclənib”.

Onun sözlərinə görə, müharibədən sonra Qarabağda həyata keçirilən yardım proqramlarına 74 milyard dram pul sərf olunub. “Buraya 8.8 milyard dram da əlavə etsək, Qarabağa ümumilikdə 83 milyard dram pul ayrıldığı məlum olar. İndiyə qədər həmin vəsaitin 52 milyardı verilib. Biz çalışmalıyıq ki, Qarabağda iqtisadiyyatın reabilitasiyasına nail olaq. Çünki Qarabağ iqtisadiyyatı fəaliyyət göstərməli və pul gətirməlidir”.

Hazırkı kursla Ermənistanın Qarabağa ayırdığı vəsait 168 milyon dollar edir.

VÜQAR

1