Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 8 iyul 2021-ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzinin həyətində açıq havada təhsil işçiləri ilə görüş keçirib.
HİT.az xəbər verir ki, görüşdə Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov açılış edərək, rayonda təhsil işçilərinin fəaliyyəti, Azərbaycan dövlətinin təhsil siyasəti çərçivəsində rayonda görüyü işlər və eyni zamanda qarşılaşmış olduqları problemlərlə bağlı ətraflı məlumat verib.
Qeyd edilib ki, 12000 şagirdə, 1900-ə yaxın pedaqoji kollektivə, orta, tam və ibtidai sinifləri birləşdirən 46-dək təhsil müəssisəsinə sahib olan Ucar rayonun, bir çox kəndlərində məktəblərin qəzalı vəziyyətdə olması təhsil prosesinin təşkilində mənfi təsirlərini göstərməkdədir. Müxtəlif kəndlərin təhsil ocaqlarını təmsil edən müəllimlər də əsas etibarı ilə həyata keçirilən uğurlu təhsil siyasəti ilə bərabər, eyni zamanda tədrislə məşğul olduqları orta məktəblərin bəzilərinin, xüsusi ilə də Təzə Şilyan, Qazyan, Qaracallı, Rəstəcə, və Qulabənd kənd məktəblərindəki vəziyyətin acınacaqlı olduğunu vurğulamışlar və xahiş etmişlər ki, 2022-ci ilin dövlət proqramına qəzalı vəziyyətdə olan məktəblərin salınması və yenidən təmiri və ya inşası ilə bağlı məsələlər Milli Məclisin deputatı tərəfindən Azərbaycan höküməti qarşısında qaldırılmış olsun.
Milli Məclisin deputatı Ramil Həsən öz çıxışında qaldırılan hər bir məsələyə diqqətlə yanaşılacağını və eyni zamanda görüşdə çıxış edən gənc müəllimə Aynur İbrahimovanın Ucar rayonundan başlatmış olduğu “Oxumaq heç də gec deyil” adlı layihənin uğurla davam etdiyini, bu layihəyə müsbət yanaşdığını vurğulayıb, layihəni tam şəkildə dəstəklədiyini qeyd edərək, Azərbaycan İctimaiyyətində belə xoş niyyətli işin bu günə qədər təhsil almaq imkanı bu və ya digər səbəbdən mümkün olmamış valideynlərin, anaların, qadınların təhsil almasına şərait yaradan layihələrin respublika əhəmiyyətli səviyyədə genişləndirməsinin vacibliyini və əhəmiyyətini vurğulayıb.
Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizi böyük hörmət və ehtiramla yad edən deputat vətənpərvərlik hislərinin gücləndirməsi və qüvvətləndirməsində Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında həyata keçirilən siyasətin bir tərkib hissəsinin də təhsil işçilərinin, müəllimlərin məktəbdə övladlara, gənclərə, gənc nəsilə vermiş olduğu tərbiyənin xüsusi əhəmiyyətinin olduğunu vurğulayıb.
Şübhəsiz ki, qaldırılan hər bir məsələnin tərəfindən diqqətlə qeyd olunduğunu nəzərə çatdıran Ramil Həsən narahatlıqların həm Milli Məclis tribunasından, həm də hakimiyyətin müvafiq strukturlarına ən yaxın zamanda və sürətli şəkildə çatdırılması sözünü verməklə bərabər məslələrin üzərində ciddi duracağına, Ucar rayonunun təhsil istiqamətində ən böyük problemlərindən olan, qəzalı orta məktəblərin yenidən qurulması, təmiri ilə bağlı hökümət qarşısında keçən il olduğu kimi, bu ildə məsələ qaldıracağını və nəzarətdə saxlayacağını vurğulayıb.
Sonda təhsil işçiləri ilə görüşün bundan sonra da kəndlərdə səyyar formada seçicilər ilə görüşlə paralel olaraq keçirilməsi təklifi qəbul edilmiş və Milli Məclis deputatının gedəcəyi hər kənddəki görüşlərdən əlavə təhsil işçiləri ilə görüşü də qərarlaşdırılıb.