Arutyunyanın müəmmalı Moskva səfəri - Qarabağda növbədənkənar “prezident seçkisi” keçiriləcək?

SİYASƏT
12:13 / 10.07.2021
2514

Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Arutyunyan yaxın günlərdə Moskvaya səfər edəcək. 

HİT.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, onlara məlumat verən mənbə Arutyunyanın yaxın günlərdə Moskvaya gedəcəyini bildirib: “O, öz komandasına deyib ki, geri döndükdən sonra “hökumət”də onlardan narazı qalan müxalifət nümayəndələrinə də yer verilməsinə dair siyasi müzakirələr və məsələhətləşəmələr aparacaq. Bundan başqa, onun Moskvada müəyyən dairlərlə Qarabağda növbədənkənar prezident seçkilərinin keçirilməsi imkanlarına dair müzakirə aparacağı deyilir”.

Arayik Arutyunyan bir müddət əvvəl də Moskvada səfərdə olmuşdu. Orada onun Kreml nümayəndələri ilə görüş keçirdiyi bildirilirdi.

Qarabağdakı erməni terrorçuların rəhbərinin əvvəlcə Nikol Paşinyanla görüşməsi, ardından Moskvaya səfər etməsi Rusiyanın bölgə ilə bağlı yeni planlarının olması ehtimalını yaradır. Böyük mənada bunun Azərbaycana nə qədər xeyri olacaq, demək çətindir. Çünki Kreml heç vaxt Azərbaycanın xeyrinə addım atmayıb, atsa belə bunun çox ağır qarşılığını alıb.

Əsas sual budur ki, Arayik Arutyunyanı Moskvaya dəvət ediblərsə, əsas müzakirə predmeti nələr olacaq? 

Ekspertlərə görə, ilk ağıla gələn Qarabağdakı erməni separatçılarının gələcək aqibəti, onların təhlükəsizliyi və status məsələləridir. Çünki Arutunyan və adamları faktiki olaraq, özlərini təhlükəsizlikdə hiss etmirlər və bunu dolayısı ilə dilə də gətirirlər.

Lakin o da mümkündür ki, Arayik Arutyunyan öz təşəbbüsü ilə Moskvaya gedir. Yəni, vəziyyətinin ağırlaşması, ruslarla yola getməməsi, habelə Xankəndidə ona qarşı etirazların çoxalması fonunda Kremldən dəstək ummaq fikrindədir. Bu, həm də onun gələcəyi üçün daha çox lazımdır.

Erməni mediasının yazdığına görə, Arayik Arutunyan iki ay əvvəldən başlayaraq Qarabağdakı bütün mülklərini satışa çıxarıb. Onun Laçın yaxınlığında iki hektar nar bağını satması, Xocavənddəki üzüm bağlarını satışa qoyması, Əsgəran və Ağdərədəki heyvandarlıq komplekslərinin satmaq istəməsi belə deməyə əsas verir ki, Arutyunyan öz gələcəyini Qarabağda görmür. Elə məlumatdakı “növbədənkənar prezident seçkiləri keçirilməsi imkanlarını müzakirə etəmək” məsələsinin də bununla əlaqəli olduğunu demək mümkündür.

VÜQAR

4