"Dövlət tərəfindən maliyyə ayrılan bütün təşkilatlarda Hesablama Palatası yoxlama aparır və parlamentdə illik hesabat verir".
Bunu Qaynarinfo-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının MNTK-sının üzvü Musa Musayev Hesablama Palatasının Yeni Azərbaycan Partiyasında apardığı yoxlamalar haqqında məlumata aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, hazırda partiyada konfranslar keçirilir:
"Bakı şəhərində 12 rayonun hər birində konfranslar başa çatıb. İndi konfranslar rayonlarda keçirilir. Konfranslar başa çatandan sonra təftiş komissiyası öz fəaliyyətinə başlayacaq. Bütün rayonların sədrləri dəyişəcək. Nizamnamə, əsasnamə təsdiqlənib. Eyni zamanda da təftiş komissiyasının özünün səlahiyyət çərçivəsi var. Bu səlahiyyətlər çərçivəsində YAP-ın rayon təşkilatlarında konfranslar başa çatandan sonra yəqin ki, yoxlamalara başlanılacaq. Amma Hesablama Palatasının yoxlama aparıb-aparmaması ilə bağlı bir məlumatım yoxdur. Bildiyimiz kimi, YAP və digər partiyalara Dövlət Büdcəsindən vəsait ayrılır. Hesablama Palatasının orada büdcədən ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənmədiyini bilməsi üçün yoxlama aparması qanunauyğundur. Burada böyük qəbahət yoxdur".
YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov YAP-da Hesablama Palatasının partiyada apardığı yoxlamadan xəbərsiz olduğunu qeyd edib:
"Xəbərim yoxdur, ona görə də bununla bağlı heç nə deyə bilmərəm".
YAP İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə bildirib ki, bu məsələ ilə bağlı ancaq YAP-ın mətbuat katibi məlumat verə bilər.
Qeyd edək ki, mətbuatda Hesablama Palatasının Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başladığı haqqında rəsmi məlumat yayılıb.