Tanınmış ABŞ eksperti "Gəncə keçidi"nin əhəmiyyətindən yazdı - FOTO

SİYASƏT
12:52 / 27.08.2021
1598

Heritage Fondunun "Douglas and Sarah Allison" Xarici Siyasət Mərkəzinin direktoru Lük Koffi (Luke Coffey) növbəti dəfə "Gəncə keçidi"nin Qərb üçün əhəmiyyətindən bəhs edib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Lük Koffi Twitter sosial şəbəkəsində bununla bağlı maraqlı paylaşım edib. NATO-nun iki C17 təyyarəsinin hərəkət trayektoriyasını paylaşaraq, qeyd edib:

"Bu iki Nato-nun C17-lərinin  Rusiya və İran hava ərazisinə daxil olması üçün yeganə yol Azərbaycan və Gəncə GAP koridoru idi (Avrasiya materikindəki ən strateji vacib ərazilərdən biri)".
 


Qeyd edək ki, Asiya və Avropa arasında enerji və ticarətin quru ilə axını üçün yalnız üç yol var: İran, Rusiya və Azərbaycan ərazisi. Qərbin Rusiya və Tehranla bərbad münasibətləri nəzərə alınarsa, yüz milyardlarla dollarlıq ticarətə yalnız bir real marşrut qalır: Xəzərin sahilində yerləşən balaca Azərbaycan.

Gəncə keçidindən təkcə neft və qaz yox, həm də Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli kabellər keçir. Avropanın ən uzun avtomobil magistralı - E60 da Gəncədən keçir. Bu magistral Fransanın Atlantik sahilindəki Brest şəhərini Qırğızıstanın Çin sərhədindəki İrkestam şəhəri ilə birləşdirir. Avropanı Cənubi Qafqazla birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu da Gəncədən keçir. Bütün bunlar potensial baxımdan həyati əhəmiyyətli kanallardır.

Əfqanıstan müharibəsinin qızğın vaxtında ABŞ-ın qeyri-döyüş təchizatının üçdə biri ya quru, ya da hava ilə Gəncə üzərindən olub.

Lük Koffinin paylaşımına yazılan şərhlərdən biri də diqqət çəkir: "İndi baş verənləri gördük- NATO ortağı Azərbaycan və müttəfiqi Türkiyənin sülhməramlıları Kabildən ayrıldıqdan sonra partlayışlar baş verdi. Azərbaycan və Türkiyə NATO ilə ABŞ-ın potensial tərəfdaşlarıdır".

Lük Koffi Heritage Fondunun Douglas and Sarah Allison Xarici Siyasət Mərkəzinin direktorudur. Heritage fonduna qoşulmazdan əvvəl o, Britaniya müdafiə naziri Liam Fox-un xüsusi müşaviri olub. O, habelə hakim Mühafizəkarlar Partiyasına müşavirlik edib. Coffey 2005-ci ildə ABŞ ordusunun sıralarında Əfqanıstanda xidmət edib və Bürünc Ulduz Medalı ilə təltif olunub.

0