Azərbaycan bu addımı məhz buna görə atmağa məcbur oldu - Hərbi ekspert 

SİYASƏT
17:44 / 13.09.2021
1113

"Bu fəaliyyətlərin qarşısının alınması üçün Azərbaycanın əlində kifayət qədət ciddi mexanizmlər mövcuddur”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycan dövlətinin İran yük maşınlarının Qarabağ, Xankəndi bölgəsinə yük daşımasını nəzarətə götürməsi və bundan sonrakı vəziyyəti şərh edərkən deyib. O bildirib ki, əks halda Azərbaycan yenə də bu və ya digər tipli təxribatçı fəaliyyətlərlə, o cümlədən İran maşınlarının üzərində Rusiya nömrələrinin taxılması saxtakarlığı ilə qarşı-qarşıya qala bilərik:

"İran tərəfindən Qarabağa qeyri-qanuni və Azərbaycanın icazəsi olmadan intensiv daşımalar həyata keçirməsi və buna Rusiya sülhməramlılarının bilərəkdən göz yumması Azərbaycan tərəfini təkrar olaraq Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin tamamilə nəzarətə götürməyə, buradan keçən bütün maşınların həm yüklərini, həm də sürücülərin sənədlərinin  yoxlaması üzrə fəaliyyətlərə başlaması ilə nəticələndi. Azərbaycan bu addımı məhz Rusiya-İran sərhədçilərinin göstərdiyi fəaliyyətsizlik nəticəsində atmağa məcbur oldu. Bundan sonra isə mümkündür ki, daha da sərt rejim tətbiq edilsin. Gələn maşınların və bəzi yüklərin Qarabağa buraxılmaması da mümkündür. Bu, yüklərin tərkibindən asılıdır, belə məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır”. 

Ekspert hesab edir ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması barədə Ermənistandan yazılı müqavilə əldə etməyənə qədər, ümumiyyətlə, Laçın dəhlizinin Ermənistan üçün maksimum qapalı qalması məsləhətdir:

"Daşınmalar, humanitar yük, qida yalnız Rusiyanın hərbi maşınları vasitəsi ilə Azərbaycanın nəzarəti altında həyata keçirilməlidir”. 

0