Bəli, belə deyirlər ki, bir ingilis vəkili Strasburq məhkəməsində İngiltərəyə qarşı növbəti prosesi udandan sonra kraliça onu ölkənin ən ali ordeni ilə təltif edib. Kraliçadan bu qəribə qərarın səbəbini soruşanda o qayıdıb ki, bəs bu adam məhkəmədə səkkiz prosesi udandan sonra ədələti bərpa edib və mənim təbəələrimin hüququnu qoruyub.
Niyə bu detalı xatırladıq? Məsələ bundadır ki, bu günlərdə rusiyalı jurnalist Dmitri Muratov Nobel mükafatı aldı və biz də bu haqda yazdıq.
Amma maraqlıdır ki, prezident Vladimir Putin özü Muratovu təbrik etmədi, onun əvəzində bunu prezidentin mətbuat katibi Dmitri Peskov etdi. Prezident Putin isə səksən beş yaşının tamam olması ilə bağlı tanınmış aktyor Leonid Kuravlyovu təbrik etdi. Niyə görə prezident Dmitri Muratovu təbrik etmədi? Axı bu ən azı formal bir prosedur idi...
Yox, məsələ də bundadır ki, bu, heç də formal prosedur deyildi. Birincisi, Muratov ilk bəyanatında dedi ki, mükafata hamıdan çox Aleksey Navalnı layiq idi və yəqin Nobel komitəsi yaxın vaxtlarda bu məsələyə bir daha qayıdacaq.
Bəli, rusiyalı jurnalistin bəyanatı nəzərdən qaçmadı, o, dərhal təkcə Aleksey Navalnının tərəfdarları yox, bütün müxalifət tərəfindən qeyd olundu və alqışlandı.
İkincisi, Muratov erməni separatizminə qarşı olan bir adamdır. Odur ki, Nobel mükafatının ona verilməsi Kremldə bir pərtlik yaradıb.
Hazırda Qarabağ hərbi-siyasi teatrında ən məsul vaxtdır. Aydındır ki, prosesin gedişinə Rusiyadakı ictimai rəy də təsir edir. Odur ki, biz bir az əvvələ qayıdaraq bir daha soruşuruq: prezident niyə Kuravlyovu təbrik etdi? Əlbəttə, Kuravlyov bir sənətkar kimi ən ali diqqətə layiqdir, amma prezident onu ilk növbədə ona görə təbrik etdi ki, o, Krımın ilhaqına dəstək vermişdi...
Bəli, Rusiyanın siyasi planda sayıq adamları özgə ərazilərinin zəbt olunmasını heç də dəstəkləmirlər, çünki Rusiya bunsuz da dünyanın ən böyük dövlətidir. Əgər biz bu qədər böyük ərazinin neçə faizinin istifadə olunmasını müəyyən etməyə çalışsaq, çox kiçik bir ədəd alınar. Bu qədər ərazi ilə Rusiya özünü kənd təsərrüfatı malları ilə zorla təmin edir.
Bundan başqa, böyük ərazilər çətin idarə olunur və bu riyazi üsulla təsdiq də olunub. Siz Avropa ölkələrinə baxın. Onların çoxu heç Rusiyanın federasiya subyektləri boyda da deyillər, amma bu ölkələr yüksək inkişaf mərhələsindədir, onların əhalisi isə tox və azaddır.
Muratovu özününkülər arasında özgə edən bir məqam da var. O, liberal düşüncəli bir adamdır. Hazırda isə Rusiyanı mühafizəkar konservatorlar iadrə edirlər və onların ideoloqu professor A.Duqindir. Məhz sonuncu öz nəzəri baxışları ilə Rusiyanın dövlət ideologiyasını müəyyən edir.
Amma Nobelin Muratova təqdim edilməsi ona işarədir ki, Qərbdə Rusiyadakı demokratik prosesləri diqqətlə izləyirlər. İki ildən sonra bu ölkədə 1993-cü il hadisələrinin otuzuncu ili tamam olacaq. Həmin vaxt Rusiyada ciddi konstitusiya böhranı yaranmışdı.
Ruslar bu haqda danışmağı sevmirlər, sanki buna bənzər hadisə daha heç vaxt baş verməyəcək. Düzdür, hazırda Rusiyada parlamentlə hökumət arasında heç bir ziddiyyət yoxdu, çünki parlamentdə çoxluq hakimiyyətə mənsubdur. Amma bumeranq effekti var – bizim unutduqlarımızın bir gün qayıtmaq ehtimalı var. Əlbəttə, əgər biz bunun qarşısını alacaq heç bir şey etməmişiksə! Hazırda Rusiya idarə olunan və stabil ölkədi, amma o, hələ də demokratik ölkə sayılmır.
Nəhayət, yeni ölkə yeni insanlar deməkdir. Bu ölkədə Navalnı, Muratov kimi adamların olması çox şey deməkdir. İlk növbədə o deməkdir ki, bir gün indiki hakimiyyətin bütün dayaqları itəcək və o özünə daha dayaq tapa bilməyəcək. Məhz o vaxt yeni Rusiya yaranacaq.
Hüseynbala Səlimov / Qaynarinfo