Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir.
Hit.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxış keçirərkən bildirib.
"Həm Prezidentin ehtiyat fonundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir. Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir - həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz prinsipcə görürük ki, əhalini nəzərə alaraq nə qədər texnika lazımdır. Ona görə, digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək", - dövlət başçısı qeyd edib.