EU Reporter: İlham Əliyev regionda sülh, sabitlik və təhlükəsizliyin qarantıdır

SİYASƏT
10:46 / 24.12.2021
1512
Keçən həftə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında konstruktiv danışıqlara təkan verdi və bu, Cənubi Qafqaz regionunda davamlı sülhün əldə olunması üçün əlamətdar hadisə oldu.
 
Bu barədə politoloq Dr. Ceyhun Osmanlı özünün EU Reporter üçün yazdığı məqalədə bildirir.
 
Müəllif həmçinin yazır ki, Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin sülh təşəbbüsü iki qonşu dövlət arasında münasibətlərin normallaşmasına mühüm töhfə kimi qiymətləndirilib və bu, onların sərhədlərinin delimitasiyası və demarkasiyasına (Aİ tərəfindən ekspert missiya qrupu və texniki yardım vasitəsilə dəstəkləyəcək), gücləndirilmiş etimad quruculuğuna, xalqlararası ünsiyyətə və mühüm nəqliyyat infrastrukturunun, xüsusilə də Azərbaycandan Naxçıvan Muxtar Respublikasına Zəngəzur dəhlizi kimi tanınan ərazidən - Ermənistandan keçməklə dəmir yolunun tikintisi ilə hərtərəfli sülh sazişinə gətirib çıxaracaqdır.
 
 
Mişel Ermənistan və Azərbaycan sərhədində son silahlı toqquşmalardan sonra gərginliyin azaldılmasını təmin etmək üçün hər iki ölkə liderinin atdığı addımları yüksək qiymətləndirib. Xüsusilə, Prezident Mişelin dəstəyi ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa kommunikasiya əlaqəsinin uğurla qurulması, bu yaxınlarda Azərbaycan tərəfindən on erməni məhbusun azad edilməsi və qalan mina xəritələrinin Ermənistan tərəfindən təhvil verilməsi alqışlanıb.
 
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsinin 30 ildir davam edən erməni işğalına son qoyan 44 günlük müharibədən sonra 10 noyabr 2020-ci ildə Ermənistan, Azərbaycan və Rusiya tərəfindən üçtərəfli saziş imzalansa da, son vaxtlara qədər Ermənistan-Azərbaycan sərhədində  ara-sıra atışmaların baş verdiyi bildirilir və həll olunmamış problemlər regional sabitliyə təhlükə yaratmaqda davam edir. Münasibətlərin normallaşması Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) tərəfindən də dəstəklənib. Bu ay prezident Əliyev NATO-nun baş katibi Yens Stoltenberq, eləcə də Şimali Atlantika Şurasının bütün 30 müttəfiqi ilə görüşüb. "NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoq və anlaşmanın vacibliyini” vurğulayan Stoltenberq bildirib ki, "Azərbaycan Əfqanıstandakı missiyamıza mühüm töhfələr verib. Bu yay evakuasiya zamanı Kabil hava limanında təhlükəsizliyin təmin edilməsində Azərbaycan silahlı qüvvələri mühüm rol oynayıb”.
 
 
Brüsseldə baş verən bu son müsbət irəliləyişlər, eləcə də iki ölkə arasında birbaşa dialoqun davam etdirilməsini dəstəkləyən  gücləndirilmiş ATƏT-in Minsk Qrupunun mövcudluğu yaxın gələcəkdə Cənubi Qafqazda sülh atmosferin olacağına işarə edir.
 
Bu, müharibə illərində populyarlığı pik həddə çatan Azərbaycan prezidenti İlham Əliyev üçün xoş xəbərdir. O, Azərbaycanın dədə-baba torpaqlarını işğaldan azad etməklə yalnız uzun sürən münaqişə zamanı öz yurd-yuvasından didərgin düşmüş 1 milyon azərbaycanlı məcburi köçkün və qaçqın üçün deyil, həmçinin Ermənistanın BMT, Avropa Parlamenti, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ermənistan ordusunun Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan dərhal çıxarılmasını tələb edən bir sıra qətnamələri və beynəlxalq hüquq normalarını pozmasına baxmayaraq, bütün xalq üçün tarixi ədaləti bərpa etdi. İndi o, regionda sülh, sabitlik və təhlükəsizliyin simvoluna çevrilmək üzrədir.
 
 
Azərbaycan öz milli maraqlarını, o cümlədən mehriban qonşuluq, dinc yanaşı yaşamaq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərini rəhbər tutaraq, Sovet İttifaqından müstəqillik qazandıqdan sonra çoxvektorlu xarici siyasət həyata keçirir. Azərbaycan Respublikası BMT, ATƏT və Müstəqil Dövlətlər Birliyi (MDB) kimi bütün aparıcı beynəlxalq hökumətlərarası təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa Şurasına üzvlük və digər əməkdaşlıq mexanizmləri ilə Avropaya lövbər salmaqla yanaşı, həm də İslam dünyası ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. Bu siyasətin müdrikliyi və praqmatizmi Azərbaycanın hərbi ittifaqlarda təmsil olunmaması, blok qarşıdurmasına deyil, çoxtərəfli əməkdaşlığa üstünlük verməsində özünü göstərir və bunu Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması sübut edir. Azərbaycan həm də çoxsaylı mədəni, idman və sosial təşəbbüslərə, o cümlədən "Bakı-2015” ilk Avropa Oyunlarına və 2017-ci ildə İslam Oyunlarına, multikulturalizm, dinlərarası dialoq və dini tolerantlığa dair forumlara ev sahibliyi edir.
 
Dekabrın 24-də 60 yaşı tamam olacaq Prezident Əliyev 2003-cü ildə atası Ümummilli Lider Heydər Əliyevdən sonra prezident vəzifəsinə seçilmişdir. 2000-ci illərin əvvəllərindən Azərbaycanda böyük dəyişikliklər baş vermişdir. O, yoxsulluğun azaldılmasında və ümumi rifahın artırılmasında nəzərəçarpacaq irəliləyiş əldə etmişdir. Yüksək iqtisadi artım templəri, artan məşğulluq və yüksək real əmək haqqı artımları bütün bunlar yoxsulluğun azalmasına və orta təbəqənin genişlənməsinə kömək etmişdir. Dünya Bankının məlumatına görə, "2015-ci ildə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra iqtisadi qeyri-sabitlik dövründən sonra Azərbaycan iddialı iqtisadiyyatın diversifikasiyası proqramına başlayıb və daha sonra iqtisadi artımın davam etdiyini bildirmişdir.” O cümlədən ümumi daxili məhsul (ÜDM) 2000-ci ildə 5,3 milyard dollardan 2021-ci ildə 42,6 milyard dollara qədər artmışdır.
 
 
Beynəlxalq reytinq agentliyi Moody's Azərbaycanın kredit reytinqini Ba2 səviyyəsində təsdiqləyərək vəziyyətin "stabil"dən "müsbət"ə dəyişdiyini proqnozlaşdırıb. Bu, Azərbaycan rəhbərliyinin ölkənin kredit profilinin sabitliyini artırmaq qabiliyyətini əks etdirir. Bundan əlavə, Heritage Foundation tərəfindən tərtib edilən İqtisadi Azadlıq İndeksi 2021-ə görə, Azərbaycan 6 pillə yüksələrək, Belçika və İspaniyadan bir qədər aşağı 38-ci yerdə qərarlaşıb. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın mövqeyi də ildən-ilə yaxşılaşır. Ölkə 2012-ci ildə Dünya Bankının "Doing Business” reytinqində 71-ci yeri tutduğu halda, 2021-ci ildə biznesin  asanlaşdırılmasına görə 190 ölkə arasında 34-cü yeri tutmuşdur.
 
Bundan əlavə, Azərbaycanda gənclərin xaricdə təhsili üzrə dövlət proqramı həyata keçirilir və onun bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (IDEA) tərəfindən həyata keçirilən mühüm ekoloji təşəbbüslərə başlayarkən gender siyasətinin həyata keçirilməsində, qadınların hüquq və qanuni mənafelərinin qorunmasında da mühüm irəliləyişlər əldə edilmişdir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Azərbaycanın xarici siyasət sahəsində, eləcə də iqtisadi, sosial və ekoloji sahədə rekordunu daha da yaxşılaşdıracağı gözlənilir.
 
0