Mərkəzi Asiya “baharı” olacaqmı?.. 

14:07 / 12.01.2022
2526

Aydın Səlimli

Son günlər Qazaxıstanda baş verən hadisələr əhəmiyyətinə və regionla əlaqəsinə görə çoxunun diqqətlə izlədiyi proseslərdən biridir.

Bir çoxunu hadisələrin gələcəyi maraqlandırsa da, proseslərin necə bu məcrayə gəlməsi ilə maraqlananlar da az deyil. 

Hadisələrdən bir müddət əvvəl, Nazarbayevin yenidən aktivləşməsini müşahidə etmək olardı. Onun Türk Dövlətləri Təşkilatında fəal rolu, eləcə də bu qisimdən olan proseslərdə aktiv iştirakı, ən azı özündə bir sualı ehtiva edirdi: Nazarbayev "erası” gerimi dönür? 

Proseslərin gedişatı isə göstərdi ki, heç kim, hətta Rusiya da daxil olmaqla, Nazarbayevin yenidən siyasi dirçəlişində maraqlı deyil. Ancaq etirazların irəliləyən zamanında görüldü ki, Tokayev özü də etirazların inkişafını tamamilə öz xeyrinə dəyişə bilmədi, etiraz dalğası onun da əleyhinə yönəldi və demək olar ki, nəzarətdən çıxdı və çoxminlik orduya malik olan Tokayev ölkəsinə KTMT sülhməramlılarını dəvət etmək zorunda qaldı. Unutmayaq ki, bu da mövcud ssenarilərdən yalnız biri idi.

Hazırda, Qazaxıstan "yeni Maydan”la və bunun fonunda etnik parçalanma və yaxud da ölkənin bütünlüklə işğalı ilə qarşı-qarşıyadır. Tokayev bu günlərdə bəyan etdi ki, Rusiyanın sülhməramlıları ölkəni uzağa on günə tərk edəcək. Nə demək olar? Görək, bu baş verəcəkmi?     

Əgər "Maydan” etnik parçalanma prosesilə birlikdə davam etsə, Rusiya mərkəzi Asiya ölkələri ilə əlaqələrini tamam itirə bilər, hətta Xəzərin statusu məsələsi də təkrar gündəmə gələr.

İndi daha çox belə mülahizələr səslənir ki, ölkəsinə xarici müdaxilə üçün müraciət edən prezident Q.J.Tokayev hakimiyyətdə çox da qala bilməyəcək. Hətta qalsa belə, yalnız Rusiya süngüləri üzərində qalacaq. Heç sözsüz ki, belə mülahizələr daha bir ssenarinin mümkün olacağını deməyə əsas verir. 

Onu da qeyd edək ki, proseslər hələ məşhur qiymət artımından çox öncə başlamışdı...
 
Hələ xeyli müddət əvvəl neft-qaz və digər təbii sərvətlər dövrünün ölkədə nə zamansa bitəcəyinin anlaşılması və xüsusilə də iqtisadi inkişaf üzərində axtarışların siyasi müstəvidə də təsirinin olacağı gözlənilməz deyildi və bu baxımdan Qazaxıstanın daxili və regional problemlərə münasibətinin də dəyişməsini hələ bir neçə il öncədən görmək olardı. Əbəs deyil ki, bu müstəvidə Qazaxıstanın ərazi bütövlüyünə təhdidlərlə bağlı şüarlar da hələ bir neçə il öncədən səsləndirilirdi.

Təhdidlər həmişə qaldığı kimi, mümkün optimist perspektivləri də unutmaq olmaz. Qazaxıstan Qərb dövlətləri üçün uzun müddətli tərəfdaş kimi mövqeyini qoruyur. Həmçinin rus qoşunlarının ölkədə qərarlaşmasına və Tokayevin siyasi imitasiyalarına münasibət də birmənalı deyil.

Xüsusi ilə Qazaxıstanın Uyğur konfliktində rolu, regional əhəmiyyəti və digər nüanslar bu ölkənin Qərb ölkələri üçün uzun müddətli tərəfdaş ola biləcəyini deməyə əsas verir.

Mərkəzi Asiya "baharı”na gəldikdə isə, proseslərin yayılma ehtimalı olan ölkələrdən biri də regionun digər ölkələri və hətta bu regionla qonşu dövlətlər belə ola bilər. İqtisadi tənəzzül, monarxiyanın mövcudluğu, son dövrlər Əfqanıstanda cərəyan edən hadisələr prosesləri bu ölkələrə də yönəldə  bilər.

Bütün bu qəlizləşən münasibətlərin fonunda digər bir sual da yaranır: Bu ölkələrdə cərəyan edən oxşar proseslər və problemlər son nəticədə hansı istiqamətə yönələcək? Monarxiya, yoxsa daha sivil sistemlər qurulacaq? Yoxsa burada daha çətin proseslərin şahidi olacağıq? Hələlik yalnız onu demək olar ki, KTMT-də müzakirələr zamanı Belarus prezidenti Aleksandr Lukaşenko Özbəkistanın adını çəkdi. Bu isə o deməkdir ki, Qazaxıstana müdaxilə üçün vaxt Rusiya tərəfindən heç də təsadüfən seçilməyib…

0