Piter Stano: “Ermənistan-Türkiyə münasibətləri üçün 4.5 milyon avro xərclənib”

SİYASƏT
16:13 / 15.01.2022
1175

Avropa İttifaqı münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskvada keçirilən ilk görüşünü alqışlayıb.

Qaynarinfo-nun məlumatına görə, Avropa diplomatiyasının rəhbəri Piter Stanonun mətbuat katibinin bəyanatında deyilir ki, Aİ İrəvan və Ankaranın münasibətlərin normallaşdırılması və xüsusi elçilərin təyin edilməsi üzərində işləməyə hazır olmasını alqışlayır.

"Xüsusi nümayəndələrin bu cümə günü keçirilən ilk görüşü irəliyə doğru atılmış mühüm addım idi və Avropa İttifaqı Türkiyə və Ermənistanı bu istiqamətdə daha çox səy göstərməyə təşviq edir", - Stano bəyanatında bildirib.

Münasibətləri normallaşdırmaq üçün gələcək konkret addımlar regional sabitlik, barışıq və iqtisadi inkişaf perspektivləri üçün "yaxşı xəbər" olardı, deyə o bildirib. Brüssel hesab edir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Aİ üçün onun hər iki ölkə ilə qarşılıqlı fəaliyyəti baxımından əsas əhəmiyyət kəsb edir. Qeyd olunur ki, 2014-cü ildən Aİ iqtisadiyyat, mədəniyyət və təhsil kimi bir sıra sahələrdə münasibətlərin normallaşması üçün zəmin hazırlamağa yönəlmiş layihələrə 4,5 milyon avrodan çox vəsait ayırıb.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2021-ci il dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar aparmaq üçün qarşılıqlı əsasda nümayəndələr təyin edəcəklər. Ermənistan Xarici İşlər Nazirliyi Çavuşoğlunun bəyanatını alqışlayıb və İrəvanın dialoqun aparılması üçün xüsusi nümayəndəsini təyin edəcəyini təsdiqləyib. Sonradan məlum olub ki, Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən isə parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib. İlk görüş yanvarın 14-də Moskvada baş tutub.
 

0