Austin-Şoyqu danışığı: Artıq siyasilər yox, hərbçilər də Rusiyaya xəbərdarlıq edir

SİYASƏT
23:36 / 18.02.2022
1447

"Lloyd Austinin Şoyqu ilə telefon danışığı Rusiya rəsmilərinə xəbərdarlıq məqsədi daşıyıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Pentaqon rəhbəri Lloyd Austinlə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında Ukrayna böhranı ilə bağlı aparılan telefon danışığını şərh edərkən deyib. Ekspert qeyd edir ki, bu sayaq xəbərdarlıqlarla Qərb Kremli öz aqressiv siyasətindən əl çəkməyə vadar etmək istəyir:

"ABŞ-la Rusiya arasında gərginlik çox yüksək həddədir. Bu fonda Rusiyanın aqressiv siyasəti Qərbi çox narahat edir. Ona görə də Qərb diplomatları ilə yanaşı, müdafiə məsələlərinə baxan nazirləri də Rusiyaya xəbərdarlıq etməyə başlayıblar. Pentaqon rəhbəri Lloyd Austinlə Şoyqu arasındakı baş tutan telefon danışığı da məhz bu məqsədə xidmət edir. Bundan əvvəl, Böyük Britaniyanın müdafiə naziri də Rusiyaya səfəri fonunda Şoyquya anoloji xəbərdarlıq edib”. 

Həmsöhbətimizin fikrincə, Donbas separatçılarının son təxribatları fonunda Qərb rəsmiləri tərəfindən Moskvaya belə xəbərdarlıqların olacağı gözlənilən idi: 

"Bilirsiniz ki, son günlər Donbas ətrafında toqquşmalar baş verib. Donbas separatçıları Rusiya Dövlət Dumasının DXR və LXR-i tanımaqla bağlı qərarından sonra bölgədə təxribatlara start veriblər. Separatçılar uşaq bağçasını dağıntılara məruz qoyub. Bir sözlə, bütün baş verən olaylar Ukraynanın ərazi bütövlüyü çərçivəsində baş verir. Ağıllı başlar bütünlüklə Ukraynanı dəstəkləyir. Amerikanın müdafiə naziri Şoyquya xəbərdarlıq edib ki, Rusiya prosesi dərinləşdirməsin. Çünki onun baş verməsi xüsusən də Rusiya üçün xoşagəlməz nəticələr verəcək. Düşünürəm ki, bu xəbərdarlıqlar sonda nəticə verəcək. Kreml nəhayət problemi dərinləşdirməyin özünə baha başa gələcəyini başa düşəcək”.

0