Rus oliqarxları anlasalar ki, Qərb onlarla zarafat etmir...

SİYASƏT
00:48 / 01.03.2022
1875

"Rus oliqarxları anlasalar ki, Qərb onlarla zarafat etmir, Putini qoşunları Ukraynadan geri çəkməyə məcbur edəcəklər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya oliqarxları Oleq Deripaska və Mixail Fridmanın Kremli müharibəni dayandıraraq dərhal danışıqlara başlamağa çağırmaları fonunda daha çox sayda milyarderin təpkisilə Putinin Ukrayna məsələsində geri çəkilib-çəkilməyəcəyinə aydınlıq gətirərkən deyib: 

"Rusiya milyarderlərinin xaricdəki vəsaitləri müsadirə edilsə, bank hesablarına həbs qoyulsa, inandırıram ki, həmin rus oliqarxları Kremlə daxil olaraq Putini oradan qovacaqlar. Oliqarxlar 30 il ərzində rus xalqından oğurladığını İngiltərə, Amerika, Fransa və digər ölkələrdə ciddi-cəhdlə gizlədib. İndi isə onların bu vəsaitləri təhlükə altındadır. Amma hələlik bu təhlükəni oliqarxlar tam şəkildə anlamırlar. Bunu anlasalar, görsələr ki, Qərb zarafat etməyərək, onların həyatının mənasını əllərindən alır, Putini qoşunları geri çəkməyə məcbur edəcəklər. Uzağı bir diviziya komandirinə 5 milyon dollar verəcəklər ki, qoşunu Putinə qarşı qaldırsın. İndi hamı Putinin əlindən qan ağlayır. Putin təhlükəsizlik xidmətinə söykənir, onun təhlükəsizlik xidməti zabitlərinin hamısı multimilyonerdir. Hərbçiləri isə yoxsul yaşayır. Amma dövləti qoruyan, ölümə də gedənlər məhz hərbçlərdir”. 

Həmsöhbətimiz əmindir ki, Putin adı hallanan iki oliqarxın bu tələbinin daha çox milyarderlər tərəfindən dəstəklənməsi qarşısında tab gətirməyərək onların dediyinə əməl etmək məcburiyyətində qalacaq: 

"Böyük Britaniya Xarici İşlər Nazirliyi vəsaitlərinə həbs qoyulacaq rus oliqarxlarının siyahısını hazırlayıb. Onların bildirdiyinə görə, bu siyahıda Rusiya hakimiyyətinə yaxın olan bütün oliqarxların adı qeyd olunub. Bu siyahı açıqlansa, oliqarxlar Kremlə gələrək Putindən ağlını başına yığmağı tələb edəcəklər”.

0