Milliyətcə tatar olan rusiyalı müstəqil ekspert Kamil Qaleyevin Rusiya-Ukrayna müharibəsilə bağlı Tvitterdə yazısı dərc olunub.
Qaynarinfo yazının maraqlı olduğunu nəzərə alaraq, onun əsas müddəalarını oxucuların diqqətinə çatdırır.
Ekspert iddia edir ki, Rusiya bu müharibəni uduzacaq:
"Analitiklər Rusiya ordusunun imkanlarını həddən artıq şişirdir. Ukrayna ordusunun imkanlarını isə aşağı qiymətləndirirlər. Onlar həmçinin Rusiyanın strategiyası və siyasi məqsədlərini səhv başa düşürlər. 2014-cü il müharibəsində Ukraynada hərbi təchizat və texnikanın durumu dəhşətli idi. Onun texnika və hərbi sursatı 25 ildən çox istifadədə olan Sovet istehsallı məhsullar idi. Hərbi maşınların radiatorları, akkumulyatorları ya çürümüş, ya da illərlə təmir olunmurdu. Ukrayna ordusu o vaxt belə acınacaqlı durumda Donbasda məğlub oldu”.
Qaleyevin fikrincə, ötən 8 ildə isə çox şey dəyişib:
"Ukraynada orduya çağırış sistemi dəyişdi. İnsanlar hərbi xidmətə çağırılaraq Donbasa göndərilirdi. Daha sonra əksəriyyəti tərxis olunur və mülki həyata qaytarılırdı. Bununla da Donbasdakı hərbi kontingent 60 minə yaxın əsgərdən ibarət saxlamaqla daim rotasiya olunurdu. Nəticədə hazırda Ukraynada 400 000-dən çox Donbas müharibəsi veteranı var. Yəni Ukraynada döyüş təcrübəsinə sahib çoxsaylı veteran var. Ukraynaya hücum edən Rusiya əsgərlərinin əksəriyyəti isə müharibə görməyib.
Üstəlik, gördükləri döyüş fərqlidir. Rus əsgərləri yalnız tam üstünlük əldə etdikdə döyüşə atılır. Təchizat baxımından Ukrayna ordusu qismən təmin edilib. Ukraynaya məxsus bir çox yeni silah hazırlanıb. Ancaq demək olar ki, heç biri geniş miqyasda istehsala buraxılmayıb. Ukrayna Türkiyənin 48 ədəd Bayraktar TB2 dronu sifariş edib. Ondan yalnız 12 ədəd qoşunlara çatıb. Ukrayna türklərlə birlikdə yeni, daha güclü pilotsuz uçan aparat "Bayraktar Akıncı” hazırlayır, lakin dronlar indiki müharibə üçün hələ hazır deyil.
Bununla belə, ukraynalılar Amerika istehsalı olan bir sıra Javelins, M141 Bunker, Britaniya-İsveç istehsalı olan MBT LAW döyüş sursatları əldə etdilər. Ukrayna istehsalı olan "StugnaP", RK-3 "Corsar" və "Baryer" kimi tank əleyhinə silahları da Rusiya tankları ilə mübarizəyə yönəldilib.
Putin hücum edənə qədər Ukrayna qoşunları tamamilə yeni tanklarla təchiz olunmamışdı. Amma bununla belə ordunun istifadəsində yeni zirehli maşınlar, Türkiyə istehsalı olan Aselsan döyüş modulları ilə yerli istehsal Cossack-2 və bir sıra Amerika zirehli maşınları, Humvees və s. var.
Nəhayət, Ukrayna yeni qoşun növünü - ərazi müdafiə qoşunlarını yaradıb. Onların ümumi sayı 60 000 nəfərdir. Bu, Polşa qoşun növünün surətidir. Bunlar hərbi təhsil alan mülki şəxslərdir və bir gün ərzində öz şəhər və bölgələrində döyüşmək üçün səfərbər oluna bilirlər”.
Rusiya ordusuna gəldikdə, ekspert düşünür ki, bir neçə eşelonlu hücumla düzgün blitskrieg təşkil etsəydi, yəqin ki, Ukrayna uduzardı:
"Amma Rusiya bunu etmədi. Hazırda Ukrayna ətrafında Rusiya qüvvələri azdır. Onun çoxlu artilleriya silahı olsa da, bu, qələbə qazanmaq üçün kifayət deyil. Putin ilk gündən Ukrayna ordusunun qaçacağı və ya təslim olacağını düşünürdü. Onlar ukraynalıların real müqavimət göstərəcəyinə inanmırdı. Ona görə də Putin hücumu yalnız bir eşelonla həyata keçirdi. Qoşunlar məhv edilməmiş çoxsaylı ukraynalı nizami əsgərləri və postlarını geridə qoyaraq irəlilədi. Amma ikinci və üçüncü eşelon dağılmış ukraynalı müdafiəçiləri bitirmək üçün gəlmədi”.
Qaleyev qeyd edir ki, belə vəziyyət Rusiya ordusunda təchizat və yerləşmə problemi yaradıb:
"İrəliləyən birinci eşalonun sursat, yanacaq, qida və yardımçı insanlara ehtiyacı var. Belə təchizat olmadıqda isə konvoylar asanlıqla "Bayraktar”larla yanaşı, arxada qalan nizami və ərazi müdafiə qoşunlarının hücumuna məruz qalır. Habelə Kiyevin silah payladığı könüllülər rus kolonlarına qarşı dura bilməsə də, konvoylara hücum edə bilərlər”.
Rusiyalı ekspert Putin narahat olduğunu da bildirir:
"Fevralın 25-də çəkilmiş videoda o, Ukrayna hərbçilərini dövlət çevrilişinə çağırıb. Əgər onun planı ilk növbədə işləsəydi, bu çağrışa ehtiyac olmazdı. Bu isə o anlama gəlir ki, Putinin planı baş tutmayıb. Çünki o, müharibə planlaşdırmırdı. O, heç vaxt müharibə etməyib və müharibədə necə mübarizə aparacağını bilmir. O, digər yerlərdə olduğu kimi, Ukraynada da xüsusi əməliyyatlar həyata keçirir. Ukraynalıların mübarizəni davam etdirməsi də Putini ciddi narahat etməkdədir. Çətin ki, Putin hazırkı üsullarla qalib gəlsin. Əksər rus hərbçiləri əyləncəli və sərgüzəştlərlə dolu kiçik bir xarici missiyaya həvəslə gedərdi, buna etiraz etməzdi. Amma həqiqi ölüm ehtimalı ilə uzun müddət davam edən bir müharibədə olmaq başqa məsələdir.
Sosioloji araşdırmalara görə, Rusiyada əsgərliyə getmək üçün əsas motivasiya adətən pulsuz mənzil almaqdır. İmkansız gənclər üçün bu mənada orduda xidmət dövlətdən mənzil almaq şansıdır.
İndi ölürsənsə, mənzil də ala bilməyəcəksən. Ola bilsin ki, artıq Ukraynada olanların seçimi azdır, amma müqavimətin davam etməsi, müharibənin qanlı olması və itkilərin real olması faktı geri qayıdanları böyük dərəcədə ruhdan salacaq. Rusiya tərəfindən müharibəyə getmək üçün heç bir həvəs gözləməyin”.
Belə durumda ekspert Putin nə edə biləcəyinin proqnozunu da verib:
"1. İnfrastrukturun məhvi, buna başlayıb. 2. Şəhərlərin blokadası, onu da həyata keçirir. 3. Çeçenistan və ya Suriyadakı kimi şəhərləri bombardman və artilleriya ilə çökdürmək, bu da mümkündür. Öncə qeyd edilən iki məqam humanitar fəlakətə gətirib çıxaracaq müqavimətin gücünü qıracaq. Üçüncüsü daha problemlidir.
Mübarizə davam edərsə və qələbə olmazsa, Rusiya ordusunun döyüş bacarığı və döyüşmək istəyi də tezliklə yox olacaq. Putinin seçimi yoxdur, amma tabeliyində olanların seçimi var.
Hətta Rusiya texniki cəhətdən uduzmasa və hansısa atəşkəs, razılaşma əldə olunsa belə, Ukrayna artıq qalib gəlib. Niyə?
Rus xalqı pravoslav monarxiya mifinə inanır. Təbii ki, ortodoks çara qarşı çıxanlar da olacaq. Amma ona qarşı müqavimət təşkil etmək mümkün deyil. Beləliklə, müqavimət edən fərdlər olsa da, onlar mütəşəkkil Opriçnik qüvvələri tərəfindən asanlıqla əziləcəklər.
Opricniklər çox cəsarətli və qəddar olurlar. Rus xalqının mifologiyası onların 99 faizinə bu təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyi qadağan edir. Amma 1572-ci ildə Krım xanı Moskvaya hücum edərkən opriçnik qüvvələri onunla üz-üzə gəlsə də, oxlarla darmadağın edildilər. Çünki inandıqları mif onları müqavimət qabiliyyəti olmayan insanlarla vuruşmağa alışdırmışdı.
Ukraynalılar isə bu mifoloji məkanı çoxdan tərk edib. Üstün düşmənə qarşı müqavimət faktının özü Ukrayna mifologiyasını gücləndirir. Bu, şahidi olduğumuz nəhəng mif binasıdır. Müharibə fenomeninin özünü mifoloji ölçünü nəzərə almadan təsəvvür etmək mümkün deyil. Mübarizə olmadan müstəqiliyinizi təhvil versəniz, həyatınızı xilas edəcəksiz. Amma bununla miflərinizi də öldürəcək və qalib tərəf sizi həzm edəcək.
Ancaq amansız və qanlı döyüşdən sonra məğlub olsanız belə, mifiniz canlıdır. Son döyüşün xatirəsi əsrlər boyu yaşayacaq. Bu, sizdən sonra gələn nəsillərin yaşadığı mifoloji məkanı formalaşdıracaq və onlar ilk fürsətdə müstəqilliyi bərpa etməyə çalışacaqlar”.