Son günlər Rusiya Azərbaycana münasibətdə müxtəlif qeyri-dost addımlar atmağa başlayıb. Belə ki, Rusiyanın Müdafiə idarəsinin Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsev brifinqdə bəyan edib ki, Kiyev və Zaporejye vilayətlərinin sakinləri üçün Suriyadan 50 ton ərzaq, "Dağlıq Qarabağ”dan isə 14 ton zəruri mallar gətirilib. Bununla Rusiyanın Müdafiə Nazirliyinə bağlı qurum artıq neçənci dəfədir mövcud olmayan Dağlıq Qarabağın adını, özü də müstəqil qurum şəklində hallandırır. Digər tərəfdən, bir neçə gün öncə Rusiya Ordusu Azərbaycanın Xarkovdakı konsulluğunu da raket atəşinə tutub. Nəticədə binada xeyli dağıntılar var.
Bundan başqa, Qarabağ ətrafındakı Azərbaycan mövqelərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisindən erməni silahlı tör-töküntüləri tərəfindən atəşə tutulması halları da müntəzəm xarakter alıb. Ermənilər bu təxribatları əsasən də Ağdam istiqamətində həyata keçirir. Aydın məsələdir ki, qanunsuz erməni silahlı dəstələrinin bu təxribatının arxasında da məhz Moskva, Qarabağdakı rus sülhməramlıları dayanır. Əks təqdirdə, separatçılar belə cürətdə buluna bilməzdilər. Proses sülhməramlı kontingenti və onlara rəhbərlik edən rəsmilərin neytral mövqe tutmadığını, tərəf saxladığını bütün çılpaqlığı ilə ortaya qoyur. Halbuki neytral olmaq sülhü qorumağa təhkim edilmiş qüvvənin ən ümdə vəzifəsidir.
Görəsən, Rusiya nədən Azərbaycana qarşı belə qeyri-dost hərəkətlərə yol verir?
Qeyd edək ki, Azərbaycan dövləti hər zaman olduğu kimi müstəqil siyasət yürüdür. Onun xarici siyasətinin əsasında heç bir hərbi blokda iştirak etməmək, qonşularla mehrtiban qonşuluq və bir-birinin ərazi bütövlüyü, suverenliyinə hörmət prinsipi əsasında dost, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri dayanır. Azərbaycan həmçinin, humanist prinsiplərdən çıxış edərək dünyanın müxtəlif məkanlarında humanitar böhranların aradan qaldırılmasına da yardım əlini uzadır. Son olaraq Azərbaycan belə bir humanitar yardımı Polşadan keçməklə indi çətin günlərini yaşayan Ukraynaya yollayıb. Bu addımda hər hansı bir siyasi çalar da yoxdur. Bakı sadəcə olaraq humanist prinsipləri əsas götürərək Ukrayna xalqına mənəvi dəstək olub.
Amma buna baxmayaraq, görünən odur ki, Azərbaycanın humanist addımı Moskvanı əməlli-başlı qıcıqlandırıb. Görünür, Rusiya onun razılığı və istəyi olmadan kənardan Ukraynaya hər hansı bir humanitar dəstəyin verilməsini istəmir. Ona görə də Azərbaycanın humanist addımına cavab olaraq tələm-tələsik qondarma qurumdan guya Ukraynaya dəstək üçün zəruri mallar gətirildiyini bəyan ediblər. Xarkovdakı Azərbaycan konsulluq binasının vurulması da bu mənada təsadüf sayıla bilməz. Rusiyanın bu hərəkəti onu göstərir ki, son zamanlar həddən artıq aqressivləşmiş Moskva ərazi bütövlüyünü dəstəkləmək və humanitar yardım göndərməklə Azərbaycanın Ukrayna məsələsində tutduğu mövqeyindən narazıdır və onun da Belarus və bəzi digərləri kimi həmin məsələdə Kremlin yanında olmasını tələb edir. Bu müstəvidə də Bakıya müxtəlif kanallar vasitəsilə təzyiq etməyə çalışırlar.
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi "Dağlıq Qarabağ” ifadəsinə görə Rusiyaya xəbərdarlıq edib. Burada qeyd edilir ki: "Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirər və Rusiya sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilərlər”.
Bu xəbərdarlıq isə ona dəlalət edir ki, əslində Qarabağda neytral mövqe sərgiləməklə sülhyaratma işinə töhfə verməli olan Rusiya qüvvələrinin və ona rəhbərlik edən qurumun bunun əksinə addımlar atmasına Azərbaycan seyrçi qalmayacaq. Çünki sözügedən qüvvələrin həmin hərəkəti Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir. Rusiyanın belə mövqeyi separatçılığın "çiçəklənməsinə”, yenidən baş qaldırmasına xidmət edir ki, Bakı haqq edərək heç zaman buna imkan verməyəcək. Belədə, sözügedən ərazidə Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə görə cavabdeh tərəf Rusiya sülhməramlıları və qondarma rejimdəki tör-töküntülər olacaq.
Rüfət Sultan
Qaynarinfo.az