Azərbaycan antiterror əməliyyatına başlaya bilər... – Ermənilər belə düşünür

SİYASƏT
14:16 / 11.03.2022
2590

"Ermənilər bu hay-küyü salmaqla düşünür ki, hadisələrin gedişatına uyğun olaraq Azərbaycan erməni silahlı dəstələrinin tərksilah olunması ilə bağlı 10 Noyabr bəyannaməsinin yerinə yetirilməsini tələb etməklə antiterror əməliyyatına başlaya bilər. Ola bilsin, məhz bu ehtimalı əsas gətirərək, öncədən belə bir səs-küy, ajiotaj yaratmaqla dünyanın diqqətini özlərinə cəmləməklə Azərbaycanın əl-qolunu bağlayacaqlarını düşünürlər”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev ermənilərin sosial şəbəkələrdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində gərginliyin yarandığı barədə yaydıqları dezinformasiyanın hansı məqsəd daşıdığına aydınlıq gətirərkən deyib:

"Hazırda dünya ictimaiyyətinin diqqəti Ukrayna ətrafında yaşanan münaqişə ocağına yönəlib. Hər kəsin diqqəti indi bu müharibə üzərindədir və bu fonda da ümumi narahatlıq hökm sürür. Çünki dünya müharibəsi ehtimalı var. Bu fonda hər bir dövlət həmin məsələdən fərqli şəkildə istifadə etməyə çalışır. Bəziləri bundan istifadə edib, diqqətin özlərinə yönəlməsində maraqlıdır. Digərləri də mövcud durumdan yararlanaraq problemlərinin həllini, yaxud da hər hansı başqa tərəfə təzyiq etmək istəyir. Eyni şəkildə Tacikistan fürsətdən istifadə edib, Qırğızıstanla mübahisəli sərhədlər məsələsində yenidən aktivləşməyi düşünür. 

Erməni tərəfi də mövcud vəziyyətdən sui-istifadə edərək, diqqəti özlərinə çəkməklə, guya Azərbaycanın müvəqqəti olaraq sülhməramlıların nəzarətində olan müəyyən əraziləri ələ keçirdiyi, oradakı erməniləri qovması kimi dezinformasiyalar yayırlar. Bu əsasda da onlar dünya ictimaiyyəti arasında Bakının qarşılıqdan istifadə edərək, sülhməramlıların nəzarət məkanındakı ərazilərdə guya aqressiya törətdiyi düşüncəsini formalaşdırmağa çalışırlar”.

Həmsöhbətimiz bildirir ki, münaqişənin gedişatından asılı olaraq Azərbaycan da özlüyündə cavab vermək hüququnu saxlayır: 

"Çünki ermənilər silahlı atışmaları, təxribatları davam etdirir. Başqa bir tərəfdən, ermənilər Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edirlər. Həmin ərazidən erməni hərbi kolonlar keçir. Belə vəziyyət davam edərsə, bu halda əlbəttə ki, Bakı qanunsuz erməni silahlı qüvvələrinin 10 Noyabr bəyannaməsinə uyğun olaraq ərazidən çıxarılması maddəsinin tətbiqi hüququnu özündə saxlayır”.

0