16 aprel 2022-ci il tarixində Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Qeyd olunub ki, gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir.