Ermənistanda aprelin 25-dən etibarən paytaxt İrəvanda və digər ərazilərdə müxalifətin etiraz aksiyaları başlayıb. Xalqı iqtidara qarşı mübarizəyə səsləyən müxalifət liderləri kütləvi aksiyaları Nikol Paşinyan rejimi ilə “son döyüş” adlandırırlar.
Ermənistan Baş nazirin əleyhdarları iddia edirlər ki, guya Paşinyan Qarabağı Azərbaycana, Ermənistanı isə Türkiyəyə təslim etməyə hazırdır. Ölkənin keçmiş rəhbərləri belə gülünc fikirlərlə xalqı ayağa qaldırmağa və hakimiyyəti devirməyə can atır.
Paşinyana qarşı bu qədər ittihamların səbəbi onun partlamentdəki çıxışı ilə əsaslandırılır. Belə ki, o, ermənilərə Qarabağla bağlı tələbləri azaltmağı məsləhət görüb. Bundan sonra hakimiyyət əlehdarları Paşinyana qarşı birləşməyə başlayıblar. Artıq bir neçə gündür ki, ölkədə etirazlar səngimir. Müqavimət qüvvələri hakimiyyətin istefası uğrunda sonadək mübarizə aparacaqlarını bəyan edirlər.
Əslində bir neçə il əvvəl belə bir manevri Paşinyan özü etmişdi. 2018-ci il aksiyaları “məxməri inqilab” adlandırılırdı və Ermənistanın taleyi məhz həmin aksiyalar nəticəsində həll olunmuşdu. Nikol Paşinyan dörd il əvvəl belində gəzdirdiyi çatna ilə Gümrüdən paytaxta qədər yol qət edərək, yüz minlərlə həmvətəninin dəstəyi ilə Serj Sarkisyan hakimiyyətini devirməyi bacarmışdı.
İndi vəziyyət tamamilə fərqlidir. 44 günlük müharibədən məğlub ayrılan Ermənistan hələ özünə gələ bilməyib. Eyni zamanda müxalifətin qorxulu yuxusuna çevrilən digər məsələ anklavlardır. Belə ki, sovet xəritələrinə əsasən, SSRİ dağılandan sonra Ermənistanda keçmiş Azərbaycan anklavları qalıb. Ona görə də ehtiyat edirlər ki, Bakı həmin əraziləri geri qaytara, bununla da İrəvanı ölkədaxili yolların bir hissəsinə nəzarətdən məhrum edə bilər.
Belə ssenarilərin gündəmə gətirildiyi bir məqamda 15 minə yaxın erməni mayın 1-də İrəvanın Fransa meydanına toplaşaraq, etiraz səsini ucaldıb. Müxalifət liderləri səhər saatlarında şəhərin mərkəzində çadır şəhərciyi qurmağa və küçələri bağlamağa çağırıb.
Bəs Paşinyana qarşı birləşən radikal qüvvələrin qalib gəlmə ehtimalı nə qədər realdır?
Ermənistanın özündə bəzi siyasətçilər belə aksiyaların uğurlu nəticə verəcəyinə şübhə ilə yanaşır, hesab edirlər ki, müxalifətin istəyinə nail olması müşkül məsələdir. Digər maraqlı məqam Qarabağ separatçılarının Ermənistandakı aksiyaları - yəni "Qarabağ klanı"nın etiraz təşəbbüsünu dəstəkləməməsidir.
Separatçıların başçısı Arayik Arutyunyan əvvəlcə Paşinyanın xəyanətindən, hətta Rusiyanın birbaşa nəzarətinə keçmək zərurətindən danışırdı. Amma indi separatçı qüvvələrin rəhbəri bu barədə hələ susmağa üstünlük verir. Müxalifət isə onları “Türkləşməyə yox!” şüarı ilə aksiyalara qoşulmağa çağırır.
Nikol Paşinyan etirazlara necə cavab verir?
Mayın 4-də baş nazir Nikol Paşinyan parlamentdə çıxış edib. O bildirib ki, sələfi Serj Sarkisyan “Madrid prinsipləri”ni qəbul edərkən Qarabağla bağlı danışıqlarda uduzub:
“Ona görə də hazırki hakimiyyətdə günah yoxdur. Əgər 2020-ci ildə razılıq əldə edilməsəydi, nəticələr bu gündən də pis ola bilərdi. Mən Ermənistanın taleyini nəzərə alaraq belə addım atmışam”.
Paşinyan məlum çıxışında Qarabağın Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyib.
Ardınca müxalifət deputatları baş naziri seçkiqabağı təşviqat vədlərini yerinə yetirməməkdə günahlandırıb və onun istefasını tələb ediblər, bundan sonra narazı siyasətçilər iclas zalını tərk edərək, meydanlara çıxıblar.
Ermənistanda hakimiyyətə qarşı etirazlar Paşinyanın devrilməsi ilə nəticələnə bilərmi?
Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov son günlər Ermənistanda baş verən hadisələri eksklüziv olaraq Modern.az saytına şərh edib.
O İrəvandakı etirazların güclü olmadığı qənaətindədir: "Hələlik deyə bilərik ki, etirazlar o qədər də güclü deyil. Onların nə qədər uzağa gedə biləcəyini anlamaq çətindir. Əgər eskalasiya, yeni keyfiyyətə keçid olarsa, bu, müəyyən siyasi nəticələr verəcək. Müxalifətin qalibiyyət şansı yüksək deyil. Hakimiyyət etirazların artmasının qarşısını almağa çalışır. Müxalifət öz çıxışlarını yeni məkana köçürməyə cəhd edir”.
Putinə yaxınlığı ilə seçilən politoloqun fikrincə, Ermənistandakı etiraz aksiyalarının baş nazir Nikol Paşinyanı istefaya məcbur edə biləcəyi şübhə altındadır:
"Paşinyan özü də mitinq dalğası ilə hakimiyyətə gəlib və küçələrdə baş verənlərdən yaxşı xəbərdardır. Şəhərin mərkəzinə toplaşanlar Paşinyana təsir etmək üçün kifayət qədər kritik kütlə deyillər. Etirazlar Ermənistanın keçmiş və indiki hakimiyyəti arasında qarşıdurmaya çevrildikcə, Paşinyan devrilməyəcək. Cəmiyyətdə baş nazirin etimadı aşağıdır, amma indi müxalifətə rəhbərlik edənlərin reytinqi daha aşağıdır. Paşinyandan əvvəlki hakimyyətin də bu proseslərdə müəyyən rolu var”.