Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Hit.az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Əziz Qardaşım.
Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyur.
"Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifahının davamlı olması üçün ən xoş diləklərimi bir daha ifadə edirəm".