Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.
HİT.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna gəldilər.
Dövlətimizin başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər ediblər.
HİT.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.
Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.