Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları Demokratik İslahatlar Partiyasını ziyarət ediblər.
HİT.az xəbər verir ki, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşavirləri xanım Kristin Sinx (Kristin Singh) və cənab Ceremi Brennner (Jeremy Brenner) partiya sədri, millət vəkili Asim Mollazadə ilə görüşüblər.
Görüşdə ABŞ-Azərbaycan münasibətləri, bölgədəki ictimai-siyasi vəziyyət, regionda sülhyaratma istiqamətində atılan addımlar müzakirə edilib. Azərbaycan parlamentində təmsil olunan siyasi müxalifət nümayəndələri, onların parlament fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb.
Asim Mollazadə qonaqlara Demokratik İslahatlar Partiyası və onun parlament fəaliyyəti barədə ətraflı məlumat verib.