“Rusiyanın Ukraynaya işğalçı hücumunun və davam edən müharibənin elə bir mərhələsi gəlib çatıb ki, başda ABŞ olmaqla Qərb ölkələri, həmçinin NATO strategiyanı qətiləşdirməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Onun sözlərinə görə, bu vaxta qədər Qərb ölkələrinin davranışını müəyyən edən bir sıra gözləntilər doğrulmayıb, həmçinin yeni amillər meydana çıxıb:
“Rusiyanın Kiyev ətrafında məğlubiyyətə uğramasından sonra belə tezliklə və rahat şəkildə hərbi strategiyanı dəyişməsi, Rusiya ordusunun döyüş ruhunun tamamilə sınmaması, Kremlin ordu üzərində tam nəzarəti saxlaya bilməsi, siyasi elitanın bütövlüyünü qoruması və Putinə qarşı açıq çıxış etməkdən çəkinməsi, rus cəmiyyətinin əsasən xarici siyasət ambisiyalarını dəstəkləməsi, həddindən ağır sanksiyaların cəmiyyətə psixoloji və mənəvi təsirinin ümid edildiyindən az olması, iqtisadi məsələlərdə Moskvanın qətiyyətli addımlar atmağa qadir olması, ən başlıcası, gözlənilən miqyasda Rusiyaya qarşı qlobal ittifaq yaradıla bilməməsi, Putinin fəaliyyət qabiliyyətini və nəzarət imkanlarını saxlaması strategiyanı dəyişmək və artıq qətiləşdirməyə ehtiyac yaradıb. Artıq məlumdur ki, Rusiya zərurət yaranarsa, uzunmüddətli müharibə və qarşıdurma aparmaq iqtidarındadır.
Uzunmüddətli müharibənin yalnız Rusiyanı zəiflədəcəyi ilə bağlı gözləntilər, hesablamalar tam həqiqəti əks etdirmir. Müharibənin qiyməti nəzərdə tutulduğundan baha ola, əks təsirləri daha geniş miqyası əhatə edə bilər. Belə şərtlərdə Qərb artıq uzunmüddətli qarşıdurma üçün planları qətiləşdirmək məcburiyyətində qalıb. Aralıq planlar işə yaramır və Rusiya üçün imkanlar yaradır. Moskvanın da strategiyası məhz uzunmüddətli qarşıdurmanın yaradacağı risklərdən Qərb ölkələrinin qorxacağı ilə bağlıdır”.
Zaur İbrahimli onu da qeyd edib ki, Moskva tarana getməklə Qərbə də vurulacaq ziyanın miqyasının böyük olmasının yaradacağı qorxuya ümid edir:
“Qərbdə bununla bağlı artıq müzakirələr başlayıb. Bu, həm də Qərb cəmiyyətlərinin yanaşmasının dəyişməsini tələb edir. Yalnız iqtisadi rifah əsas götürüləcəksə, o zaman bəşəriyyət tədricən kolonial dünyaya doğru irəliləyəcək, güclülər zəifləri tam ilhaq edəcək və resurslarını istismar edəcək. Güclü ölkələrin cəmiyyətləri isə yalnız iqtisadi rifahı düşünəcəklər. Tarix isə bunun səhv yol olduğunu artıq göstərib. Söhbət yalnız hərbi əməliyyatların davam etməsindən getmir, həm də Rusiyanın yanaşmasının və ona mümkün güzəştlərin yaradacağı daha böyük fəalkət və faciələrin anlaşılmasından və bütün addımların bunları nəzərə alaraq atılmasından gedir”.