İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan şəhərlərinin dağıdılması Azərbaycan mədəniyyətinin bütün izlərini silmək cəhdi idi.
Bu barədə Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brön Trend-ə müsahibəsində deyib.
Şuşa şəhərini və Qarabağın digər yerlərini gəzdikdən sonra əsas təəssürat kimi Brön bu ərazilərin dağıdılma dərəcəsini qeyd edib:
"Biz öz gözlərimizlə gördük ki, bütün bu yerlər Ermənistanın işğalı zamanı dağıdılıb və bu fakt bizi üzür. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, necə ki, Roma İtaliyanın və ya Paris Fransanın mədəniyyət paytaxtıdır və bütün bu görməli yerlərin, abidələrin, muzeylərin, bu mədəniyyət ocaqlarının tamamilə dağıdılmasını görmək çox üzücüdür. Bu cür dağıntı miqyası o deməkdir ki, ermənilər Azərbaycan mədəniyyətinin bütün izlərini silmək istəyiblər. Çünki bu torpaqlarda Azərbaycan irsini qoyub getsələr, bu torpağın onlara məxsus olduğunu iddia edə bilməyəcəklər və ona görə də bununla bağlı yaddaşı, Azərbaycan mədəniyyətinin izlərini dağıdıblar, məhv ediblər".
J.M.Brön qeyd edib ki, Qafqazın, xüsusən də Azərbaycanın mədəniyyəti Avropa üçün çox önəmlidir:
"Fransa kimliyinin əsas komponentlərindən biri də Maarifçilik əsri və fəlsəfəsidir. Biz həmişə Fransa tarixinin bu dövrünə istinad edirik, lakin Maarifçilik fəlsəfəsi fransız maarifçiliyi dövründən beş əsr əvvəl mövcud olub və Nizami Gəncəvinin adı ilə bağlıdır".
Onun fikrince, bu, Avropa və Azərbaycan mədəniyyəti arasında əlaqənin çox gözəl nümunəsidir.
O, Nizami Gəncəvinin qadının cəmiyyətdəki rolu və təbiətin qorunmasının vacibliyi ilə bağlı fikirlərinə də toxunub:
Nizami Gəncəvi qadınların cəmiyyətdəki rolunun vacibliyini vurğulayıb. O, həmçinin təbiətin qorunub saxlanmasının vacibliyini, sözdə davamlılığın hazırda aktual olduğunu qeyd edib. Nizami Gəncəvinin təfəkkürü öz dövrünü xeyli qabaqlamışdı".
J.M.Brön qeyd edib ki, üç böyük filosofun fransız fəlsəfəsinə böyük təsiri olub: Farsdan olan Fəridəddin Əttar və Ömər Xəyyam və Azərbaycandan olan Nizami Gəncəvi:
"Fəlsəfə kontekstində öz köklərimizin bir hissəsi buradan, bu bölgədən gəlir. Bu fəlsəfələri yenidən birləşdirmək çox vacibdir".
Fransadakı erməni diasporunun fəaliyyətini şərh edən Jan-Mişel Brun qeyd edib ki, erməni diasporunun çoxlu maliyyəsi var və buna görə də informasiya təbliğatına milyonlarla vəsait yatırılır:
"Biz, Lagazetteaz.fr qəzeti, öz növbəmizdə, fəaliyyətimizdə hər cür səy göstəririk, lakin inanıram ki, işimizi daha da səmərəli etmək üçün yollar var. Daha çox sənədli filmlər çəkməli, kitablar nəşr etməliyik. İndi Şuşa haqqında kitab yazıram, o noyabrdan əvvəl nəşr olunmalıdır, amma bununla işi məhdudlaşdırmaq olmaz".
Jan-Mişel Brön Fransada keçirilən prezident seçkiləri zamanı Fransa cəmiyyətində Qarabağ münaqişəsinin ilkin səbəblərinin təhrif olunmasına da toxunub və ölkə haqqında süni şəkildə yaradılmış heç bir imicinin uzun müddət davam etməyəcəyi qənaətində olduğunu bildirib:
"Həmişə həqiqətin aydınlaşdığı bir məqam gəlir. Bu yaxınlarda Fransada seçkilərimiz oldu və sağçı partiyalar Qarabağ münaqişəsi mövzusundan öz siyasi məqsədləri üçün istifadə etdilər. Onlar münaqişəni ermənilərin xristian, azərbaycanlıların isə müsəlman olması baxımından təqdim etməyə çalışıblar. Onlar həm də fransızları Fransada müsəlmanlarla xristianlar arasında münaqişənin olduğuna inandırmaq istəyirdilər ki, bu da gülüncdür".
Bununla belə, J.M.Brön əlavə edib ki, seçkilərdən bir müddət sonra erməni diasporu yenidən unudulacaq.