Rusiyanı Azərbaycanla müharibəyə cəlb etmək PLANI - İrəvan ODLA OYNAYIR

SİYASƏT
11:36 / 03.06.2022
1247

"Ermənistan tərəfi ilk dəfə deyil ki, məhz Kəlbəcər istiqamətində Ordumuzun şəxsi heyətinə qarşı təxribatlar törədir, onların həyat və təhlükəsizliyi üçün silahlardan istifadə edir".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistanın təxribatlarına qarşı artıq təsirli tədbirlərə keçid etməyimizin zamanı çatıb:

"Bu dəfə isə atəşkəsin qumbaraatan və iri çaplı silahlardan istifadə edilməsi ilə pozulması təxribatların miqyasının getdikcə böyüdüyündən xəbər verir. Hesab edirəm ki, Ermənistan tərəfinin bu təxribatlarına artıq adekvat şəkildə cavab vermək deyil, təsirli bir şəkildə cavab vermək lazımdır. 
Ətraflı

Müharibədən sonrakı dövrdə Ermənistanın Azərbaycana qarşı ciddi bir müqavimət potensialının olmadığını hər kəs bilir. Amma bu, bəzi erməni revanşistlər tərəfindən vaxtilə vəzifələrə təyin olunan hərbiçilərin davam edən danışıqlar prosesinə ziyan vurmaq məqsədilə qoşunları Azərbaycana qarşı atəşkəsin pozulmasına sövq etmələri də istisna edilməməlidir. 

Törədilən təxribatların mənbəyi tamamilə məhv edilməli, orada Azərbaycan bayrağını qaldırılmalıdır. Başqa sözlə desək, artıq bizim adekvat tədbirlərdən təsirli tədbirlərə keçid etməyimizin zamanı çatıb.

Bu, Ermənistanın daha əvvəldən səsləndirdiyimiz niyyətlərindən biridir. Yeddi dəfə KTMT-yə müraciət edən Ermənistan indiyə qədər heç bir nailiyyət əldə edə bilməyib və bu müraciətlərin bundan sonra davam etməsinin də mənasız olduğunu yaxşı anlayırlar. Amma yenə də deyirəm, Ermənistanda baş verən hazırki mitinqlərdə, etiraz aksiyalarında revanşistlər irəli sürdükləri öz iddialarının altını doldurmaq üçün atəşkəsi pozmaqla təxribatlar törədərək, Azərbaycanı cavab atəşi açmağa məcbur qoymağa, növbəti ərazi itkiləri ilə qarşı-qarşıya qalmağa çalışaraq, Köçəryan-Sarkisyan cütlüyü üçün "Buyurun, baxın, sərhədlərimizi Paşinyan yenə qoruya bilmədi" şüarını səsləndirməsinə münbit bir şərait yaratmağa çalışır".

Qeyd edək ki, iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub. Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

0