BƏƏ-nin Bakıdakı səfirliyi  Mədəni Müxtəliflik mövzusuna həsr edilmiş görüş keçirib

SİYASƏT
13:08 / 08.06.2022
1500

İyunun 7-də Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakıdakı dini qurumlarla birgə əməkdaşlıq çərçivəsində  dialoq və inkişaf naminə mədəni müxtəlifliyə həsr olunmuş onlayn görüş keçirib.

Əlahəzrət səfir Mohammed AlBlooshi qonaqları salamlayaraq qeyd edib ki, mədəni müxtəliflik inkişafın hərəkətverici qüvvəsidir. O, bəşəriyyətin müxtəlif dəyərlərini və birlikdə harmoniyada yaşamağı əhatə edir. 

Bu gün Birləşmiş Ərəb Əmirliklərində 200-dən çox millətin birgə yaşadığını və hər bir əsas dinin etiqad edildiyini vurğulayan cənab səfir BƏƏ-dəki “İbrahim Ailəsi Evi” layihəsi haqqında geniş məlumat verdi:

“Bu Kompleks BƏƏ-nin paytaxtı Əbu-Dabinin mədəni mərkəzində, xüsusən də Saadiyat adasında yerləşir. “İbrahim Ailəsi Evi” öyrənmək, dialoq və ibadət üçün bir məkandır - hamı üçün açıqdır, BƏƏ-nin bütün bəşəriyyəti salamlayaraq tolerantlığa və qonaqpərvərliyə inamının əsl təzahürüdür.

Bu unikal memarlıq modeli eyni məkanda kilsə, məscid, sinaqoqu əhatə edir”.

Səfir Mohammed AlBlooshi qeyd edib ki, Kompleksə, həmçinin, sərgilər, proqramlar və konfranslar üçün məkan da daxildir.

"Bu layihə qlobal və regional sabitliyə dəstək olmaq, sülh və mədəniyyətlərarası təhsili təşviq etmək məqsədi daşıyır," deyə o, əlavə etdi.

“Azərbaycan da həmçinin tolerantlıq və multikulturalizm ilə mədəni müxtəlifliyin evidir.  Eləcə də, mən BƏƏ-nin azərbaycanlıların ən çox ziyarət etdiyi yerlərdən biri olduğunu bilməkdən məmnunluq duyuram. Beləliklə, ümid edirəm ki, azərbaycanlı ziyarətçilər tezliklə İbrahim Ailəsi Evinin  hüzuru və gözəlliyindən zövq ala biləcəklər”, - deyə o vurğulayıb.

Görüş möhtərəm qonaqların çıxışları ilə davam edib.  Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri  Araz Bağırlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici əlaqələr üzrə müavini Rəşad Əliyarlı, Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti, yepiskop, ata Vladimir Fekete, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı və Azərbaycan Yeparxiyasının Yeparxiya şurasının katibi protoiyerey Mefodiy Əfəndiyev çıxışlar ediblər.

0