“Koçaryan və Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb” - Paşinyan

SİYASƏT
18:31 / 15.06.2022
1192

“Ermənistanın ikinci prezidenti Robert Koçaryan və üçüncü prezident Serj Sarkisyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”.

Modern.az "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, danışıqlar prosesi ərzində Koçaryan və Sarkisyan Qarabağ barədə “heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar.

Baş nazir buna sübut olaraq 1998-ci ildə Koçaryanın ATƏT-in Minsk qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib. Həmin sənəddə Qarabağın Azərbaycanla birlikdə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi qeyd olunub. Sənəddə, həmçinin Qarabağ sakinlərinin Azərbaycan vətəndaşı pasportu alacaqları vurğulanıb.

“Bundan Koçaryan, Sarkisyan və Daşnaksütyun partiyasının xəbəri var idi”, - deyən Paşinyan sabiq prezidentlərin Qarabağın Azərbaycanın bir hissəsi olması məntiqi ilə razılaşdığını söyləyib.

0