İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.
Hit.az xəbər verir ki, dövlətimizin başçısının Sərəncamına əsasən, 8 hərbi qulluqçu ali hərbi rütbələrlə təltif edilib. Belə ki, 2 nəfərə general-leytenant, 5 nəfərə general-mayor, 1 nəfərə isə tibb xidməti general-mayoru ali hərbi rütbələri verilib.
Prezidentin imzaladığı digər Sərəncamla isə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 106 hərbi qulluqçu orden və medallara layiq görülüb. Hərbçilərdən 1 nəfər “Azərbaycan Bayrağı”, 6 nəfər 3-cü dərəcəli “Rəşadət”, 65 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Bundan başqa, 7 nəfər “Vətən uğrunda”, 5 nəfər “İgidliyə görə”, 1 nəfər “Suqovuşanın azad olunmasına görə”, 3 nəfər “Cəbrayılın azad olunmasına görə”, 2 nəfər “Xocavəndin azad olunmasına görə”, 4 nəfər “Füzulinin azad olunmasına görə”, 1 nəfər “Qubadlının azad olunmasına görə”, 1 nəfər “Şuşanın azad olunmasına görə”, 10 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.