Uğurlu xarici siyasət

SİYASƏT
09:49 / 13.07.2022
384

Cari ilin 15 iyul tarixində Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçitrilmişdir. Cənab prezident həmin müşüvirədə nitq söyləmişdir. Onun çıxışını üç istiqamətdə dəyərləndirmək olar. Birinci istiqamət kimi ölkənin xarici siyasətindəki müsbət inkişaf tendensiyalarını qeyd etmək olar. Cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Nəticələr arasında Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Təşkilata Azərbaycanın sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə uzadılmışdır. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və Azərbaycana olan inam bu illər ərzində daha da artmışdır.


Ölkəmiz Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə vermişdir. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı vardır. Bu Hərəkat həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.
 

Dünya dövlətləri bilir ki, Azərbaycan öz sözünə sadiq qalan ölkədir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik, ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu böyük dərəcədə artırmışdır. 


Məlumdur ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır. 


Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir. Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur. Bu təşkilat daxilində həm ikitərəfli, həm  də çox tərəfli formatda önəmli layihələr üzərində müzakirələr aparılır. Eyni zamanda, nəqliyyat, energetika və digər sahələr üzrə də fəal əməkdaşlıq aparılır.  Qonşu ölkələrlə olan əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olub. Rusiya, İran və Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır.

Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti həm Müstəqillik Günü, həm də Bakı Enerji Həftəsinin açılışı ilə bağlı təbrik məktubu göndərmişdir. Bu əlaqələrin həm böyük tarixi əhəmiyyəti və həm də gözəl gələcəyi vardır. 

Mövcud beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin. Bunun üçün hər bir ölkəyə düzgün daxili siyasət aparmaq, həm qonşuluqda, həm də dünyada müsbət beynəlxalq fon tələb olunur.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

0