Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun Qarabağdakı “etnik ermənilər”lə görüşündə Azərbaycan bayrağının masada qoyulması ermənilərin qəzəbinə səbəb olub.
Publika.az xəbər verir ki, Ermənistan mediası görüşün Xankəndində, Volkovun qərargahında keçirildiyini yazır.
Görüş Qarabağdakı qondarma “sabah arsax partiyası”nın istəyi ilə baş tutub. Əslində onları Volkovla görüşə baş separatçı Araik Arutyunyanın göndərdiyi haqda məlumatlar var.
Hətta qondarma “sabah arsax” görüş tələbi ilə bağlı bəyanat da yayıb. Bəyanatda açıq şəkildə sülhməramlıların komandanlığı təhdid edilir.
“Biz görürük ki, sülhməramlılar öhdəliklərini ya yerinə yetirə bilmirlər, ya da istəmirlər. Bizi nə gözlədiyini bilməliyik ki, buna uyğun addımlar ataq. Sülhməramlı qüvvələrin rəhbərliyi görüşdən imtina edərsə, ictimai təzyiqlə üzləşəcək”, - bəyanatda deyilir.
Lakin görüşə gedənlər Azərbaycan bayrağı ilə qarşılaşacaqlarını gözləmirmiş. Separatçı-terrorçuların informasiya resursları görüşlə bağlı məlumatı bayrağımızın olduğu foto ilə yaysa da, sonradan siliblər.
“Hraparak” nəşri yazır ki, görüşdə Azərbaycan bayrağının qoyulması Qarabağdakı ermənilərə açıq mesajdır: “Görüşdə nə danışdılığı bilinmir, lakin bu, Azərbaycan bayrağının olduğu görüş olaraq yazıldı”.
Bu, 44 günlük müharibədən sonra Xankəndində Azərbaycan bayrağının olduğu ilk hadisədir. İndiyə qədər sülhməramlılar separatçıların qondarma “bayrağı” ilə poz verirdilər. Ermənilərlə görüşdə Azərbaycan bayrağının olması həm də onlarda separatçı rejimin gələcəyinin olmadığı fikrinin formalaşması baxımından əhəmiyyətlidir. Rusiya sülhməramlılarının bunu Bakının tələbi ilə etdiyi istisna deyil.