“QİSAS” əməliyyatı Xankəndidə davam edəcək?

SİYASƏT
16:53 / 13.08.2022
2252

Azərbaycan Ordusu “Qisas” əməliyyatı zamanı azad etdiyi Qırxqız, Sarıbaba və Buzdux dağı, eləcə də onların ətrafında yerləşən hakim yüksəkliklər Qarabağın digər ərazilərində təmizləmə və cəzalandırma əməliyyatları keçirmə üçün münbit şərait yaradır.

Bunu Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan tərəfi, həmçinin Qarabağda yerləşən separatçılar üçtərəfli bəyannamənin müddəalarından irəli gələn şərtləri yerinə yetirməsələr və ya bu şərtlərin yerinə yetirilməsini ləngitsələr, o zaman Azərbaycan müəyyən addımlar atmağa məcbur olacaq. 

Ekspert qeyd edib ki, düşmənin terror-təxribat əməlləri və təxribat xarakterli bəyanatları “Qisas” əməliyyatının ikinci fazasının başlamasına gətirib çıxaracaq:

“Xatırlatmaq istəyərdim ki, Azərbaycan avqustun 3-də “Qisas” əməliyyatının başlandığını elan etsə də, əməliyyatın başa çatması ilə bağlı məlumat verilməyib. Ona görə də, Ermənistan tərəfi Vətən müharibəsinin nəticələrindən, imzalanmış birgə bəyannamələrin və sənədlərin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə ciddi yanaşmalıdır. Əks halda növbəti cəzalandırma əməliyyatlarının həyata keçirilməsi qaçılmaz olacaq. Bu isə Ermənistan üçün çox ağrılı və acılı nəticələr vəd edir".

Ə.Verdiyev onu da vurğulayıb ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə, o cümlədən Xankəndi şəhərində cəzalandırma əməliyyatının həyata keçirilməsi daha çox əks tərəfin, yəni ermənilərin davranışlarından asılı olacaq: 

"Əgər hərbi təxribatlar, yaxud Azərbaycan əleyhinə təxribat xarakterli fikirlər səslənərsə və ümumilikdə birgə imzalanmış sənədlərin müddəalarına əməl olunmayacaqsa, Azərbaycan "Qisas" əməliyyatının növbəti mərhələsini həyata keçirmək hüququnu özündə saxlayır”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Azərbaycan Televiziyasına müsahibəsində "Qisas" əməliyyatında da söz açıb. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz".

0