Məmmədyarovun da getmək vaxtı çatıb? - Nazir barəsində ittihamlar

SİYASƏT
16:05 / 26.05.2020
1715

Son günlər Xarici İşlər naziri Elmar Məmmədyarov bu dəfə övladının toyunda erməni mahnısı oynamaqda, Nyu-Yorkda oğlanlarına 4 milyonluq mənzil almaqda ittiham edilir.

Eyni zamanda, XİN rəhbərinin Qarabağ münaqişəsi ilə bağlı erməni həmkarlarına zəif, qeyri-adekvat cavablar verməsi tənqid edilir, Azərbaycan diplomatiyasındakı hər hansı uğursuzluqların məsuliyyəti onun üzərinə qoyulur.

Nazirin bu dəfə peşə fəaliyyətindən kənara hədəfə gəlməsi diqqət çəkir. Bəzi şərhçilərin fikrincə, 16 ildir ki, bu postda oturan, Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bir uğuru olmayan XİN rəhbərinin getmək vaxtı çoxdan çatıb.

HİT.Az-ın xəbərinə görə, deputat Fazil Mustafa Musavat.com-a bildirdi ki, kimisə bəyənməmək olar, amma onun siyasi fəaliyyətinə görə tənqid etmək lazımdır.

Deputatın sözlərinə görə, ola bilsin, toyla bağlı məlum video montajdır, cəmiyyət də araşdırmamış naziri həfəfə alıb. F.Mustafa E.Məmmədyarovun xarici siyasətini tənqid etməyin, iradlar bildirməyin tərəfdarıdır:

“Yoxlanmamış, təsdiqlənməmiş faktlara görə tənqid etmək yanlış ənənədir. Hətta ola bilsin ki, nazir oynayarkən mahnının mənşəyindən xəbəri olmayıb. Buna görə adamı ləkələmək olmaz. Sənin sözün varsa, ortalıqda korrupsiya faktı varsa tənqid etmək olar. Yoxsa nazir belə gülürdü, belə oynayırdı, filan musiqiyə oynamışdı, belə cahil yanaşma olmaz”.

Deputat hesab edir ki, siyasətçiyə bu kontekstdə qiymət verməyin əleyhinədir:

“Sən deyə bilərsən ki, xarici siyasəti bərbad günə qoyub, amma şəxsi həyatından bizə nə? Hesab edirəm ki, yanlış tendensiyadır və linçetmə kampaniyasıdır. Söymək istəyirsən get, xarici siyasətdəki əməllərinə görə söy”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Musavat.com-a bildirdiyinə görə, o, həmişə nazirin siyasi fəaliyyətini tənqid edib:

“Onun şəxsi ilə bağlı heç bir işim yoxdur. Amma belə xəbərlər yayılıbsa, normal ölkələrdə ya nazir istefa verir, yalandırsa, şifahi, yaxud yazılı şəkildə açıqlama yayır. Elmar Məmmədyarov şifahi açıqlama verməyəcək, məlum məsələdir, çünki Azərbaycan dilini pis bilir. Lakin heç olmasa nazirliyin mətbuat xidməti yazılı açıqlama yayaraq bu məlumatlara aydınlıq gətirə bilərdi”.

Politoloqun fikrincə, bütün mətbuat və sosial media nazir oğlanlarının aldığı 4 milyonluq evlərdən danışır:

“Onlar qısa müddətdə bu qədər pul qazana bilməzdi. Ona görə Amerikada evlər necə alınıb, həmin vəsaitin nazirlə nə kimi əlaqəsi var, cəmiyyət bu suallara Məmmədyarovdan cavab gözləyir. Üstəlik, söhbət başqa sahənin nazirində getmir, xarici işlər nazirinin adı korrupsiyada hallanır. Bu da Azərbaycanın imicinə zərbədir”.

E.Şahinoğlu hesab edir ki, E.Məmmədyarov və nazirlik susduqca, belə məlumatların həqiqət olduğu təsəvvürü yaranır:

“Hətta Ermənistanın “qara piar”ıdırsa, bunu da aydınlaşdırmaq lazımdır. Əks halda, belə rəy formalaşacaq ki, belə xəbərlər informasiya müharibəsində düşmən tərəfin işinə yaramış oldu. Çünki nazir barəsində olan iddialara münasibət bildirmədikcə, belə aydın olur ki, Ermənistanın bu xəbərləri onun reytinqinə zərbə vurmuş oldu və onlar məqsədlərinə çatdılar. Odur ki, cəmiyyət rəsmi açıqlama gözləyir”.

“Xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə qərəzli və həqiqətəuyğun olmayan videorolik paylaşılıb. Məqsədli şəkildə hazırlanan və paylaşılan videorolikdə guya nazir Elmar Məmmədyarovun erməni musiqisinin sədaları altında rəqs etməsi göstərilir”.

Bunu isə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki keçmiş səfiri Daşqın Şikarov modern.az-a deyib.

“Hörmətli nazirin “Bakı” mahnısının sədaları altında rəqs etməsini montaj edərək, çirkin niyyətlərini gercəkləşdirməyə çalışıblar. Bu addımın kimlər tərəfindən atıldığı məlum olmasa da, onun azərbaycanlı olduğuna şübhə yaranır”, - deyə, sabiq səfir etiraz edib.

0